İndi də valyuta müharibəsi... – Trampın narazı olmasına əsas varmı?
Prezident Tramp faiz dərəcələri və valyuta siyasəti ilə bağlı öz fikrini söyləyib. O, “Twitter” səhifəsində yazıb: ”Rusiya və Çin valyuta devalvasiyası oyunları oynayırlar, ABŞ isə faiz dərəcələrini qaldırır. Bu yolverilməzdir”.
Prezidentin dedikləri qlobal valyuta bazarlarında baş verən real səylərə uyğun gəlmir. Onun bu istiqamətdə üstünlük vermək istədiyi siyasətlə bağlı söylədikləri aydın deyil. Gəlin məsələni daha diqqətlə nəzərdən keçirək.
- Rusiya və rubl
Rusiya haqqındakı şərh qəribədir. Rusiyanın şübhəsiz mühüm geosiyası oyunçu olmasına baxmayaraq, onun gücsüz iqtisadiyyatı və təcrid edilmiş maliyyə sistemi bu ölkənin qlobal ticarətdə mühüm oyunçu olmadığını göstərir.
Məsələn, ABŞ ilə Rusiya arasındakı ticarət dövriyyəsi cüzidir. ABŞ-ın Rusiyaya ixracı 17 milyard dollar təşkil edir (Çin ilə isə bundan 31 dəfə çoxdur). Bundan başqa rubl Britaniya funtu və ya İsveçrə frankı kimi valyuta treyderlərinin radarlarına daxil deyil.
O doğrudur ki, rubl bu ay ərzində dollara münasibətdə ucuzlaşıb və bu düşüş 8 faizə yaxın olub. Lakin bunun səbəbi heç də Rusiya hakimiyyətinin öz valyutasını devalvasiya etməklə hansısa gediş etməsi ilə bağlı deyil. Rubl ona görə düşüb ki, varlı rusiyalılara qarşı tətbiq edilmiş yeni sərt sanksiyalar rubla olan tələbi azaldır.
- Çin və “valyutanın devalvasiya edilməsi oyunu”
O ki qaldı Çinə, ona qarşı yönəlmiş ittihamlar artıq gecikmiş sayılmalıdır. Çin keçən ilin aprelindən indiyədək öz valyutasını dollar qarşısında aşağı salıb. Belə ki, bir dollar 6,3 yuan səviyyəsindən 6,9 yuan səviyyəsinə gəlib.
Əgər biz məsələyə uzun perspektivdən yanaşarıqsa, onda prezidentin bəyanatı daha böyük əhəmiyyət kəsb edir. Çin milli valyutasını idarə etmək yoluyla öz iqtisadiyyatını formalaşdırır. On il bundan öncə Çin məhz Trampın dediyini edib: onlar yuanın məzənnəsini aşağı salaraq, öz məhsulları üçün ixrac üstünlüyü yaradıblar.
Çinin atdığı bu addımlar keçən həftə ABŞ maliyyə nazirliyinin məruzəsində də öz təsdiqini tapıb. Lakin həmin məruzədə cənab Trampdan fərqli olaraq Çinin “vayuta manipulyatoru” adlandırılmasından vaz keçilib. Bu məruzədə Çinin adı Yaponiya, Cənubi Koreya, Tayvan, Almaniya ilə birlikdə çəkilib. Bütün bu ölkələrin valyutaları ABŞ tərəfindən diqqətlə izlənilir.
Məruzədə deyilir: ”Xarici valyutalar bazarına iri miqyaslı birtərəfli müdaxilə olunması ilə bağlı Çinin əlində uzun bir siyahı var. Onlar bunu təxminən on ildir ki, edirlər. Bu müddət ərzində Çinin apardığı valyuta siyasəti qlobal ticarətin korlanmasına gətirib çıxarır və nəticədə Amerikan şirkətləri üçün uzunmüddətli problemlər törənir”.
Məruzədə həmçinin o da deyilir ki, Prezident Trampın valyuta müharibəsi elan edəcəyi hədəsini nəzərə alan Çin, öz valyutasının məzənnəsini buna cavab tədbiri kimi aşağı salır, amma iş ondadır ki, bu Çinin maliyyə sabitliyi üçün risk yarada bilər.
- ABŞ faiz dərəcəsini artırmaqda davam edir
Federal Rezerv Sistemi son iki ildir ki, faiz dərəcələrini tədricən yüksəldir və ona görə də ümumiyyətlə gözləmək olar ki, daha yüksək fazi dərəcələri dolların möhkəmlənməsinə gətirib çıxarsın. Digər tərəfdən isə belə olan təqdirdə ölkənin ixrac sektoruna ziyan dəyə bilər.
Lakin qəribə iş ondadır ki, yüksəldilmiş faiz dərəcələri dolların məzənnəsinin ciddi ölçüdə yüksəlməsi ilə müşaiyət olunmur.
Bunun səbəbi beynəlxalq iqtisadi dairələrdə geniş müzakirə edilir. Baş verənlərin əsas aparıcı xüsusiyyəti qlobal iqtisadiyyatın vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədardır ki, bu da digər ölkələrin valyutalarına maraq yaradır.
Federal Ehtiyatlar Sistemi faiz dərəcələri ilə bağlı siyasətini ABŞ iqtisadiyatının maraqlarına əsasən müəyyənləşdirir. Valyutalar arasındakı məzənnə əsas faktorlardan biri sayılır. Ona görə də tamamilə mümkündür ki, Federal Ehtiyatlar Sisteminin sərt siyasəti dolların möhkəmlənməsinə gətirərək, Amerikanın ixrac sektoruna zərbə vurur.
Ancaq 2018-ci ildə baş verənlərin məhz buna görə olmasını birbaşa demək olmaz.
Prezident Tramp açıq şəkildə anlatmağa çalışıb ki, onun fikrinə görə indiki qlobal valyuta və ticarət sisteminin ciddi çatışmazlıqları var. Amma bütün bunlarla yanaşı həmin sistemin təkmilləşdirilməsi üçün prezident özünün hansı ideyalarının olmasını hələ söyləyəcək.
(“The New York Times”-ABŞ)
Bu xəbər üçün şərh yazın