"İnflyasiya insanların gəlirini "yeyib-bitirir" - Natiq Cəfərli
2023-cü ilin yanvar ayında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2022-ci ilin yanvar ayı ilə müqayisədə 13,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17,5 faiz, qeyri-ərzaq malları üzrə 12,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 9,7 faiz artıb.
Bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında bildirilib.
Qeyd edilib ki, 2022-ci ilin ilkin məlumatlarına əsasən, muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilə nisbətən 14,7 faiz artaraq 839,4 manata çatıb.
2023-cü ilin yanvar ayında 2022-ci ilin yanvar ayı ilə müqayisədə əhalinin gəlirləri nominal ifadədə 15 faiz artaraq 5,4 milyard manat olub.
Qeyd edək ki, əhalinin gəliri artdıqca, ərzaq məhsullarının da qiyməti artmaqda davam edir. Yəni gəlir bahalaşmanı kompensasiya etmir.
İqtisadçı Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında bildirib ki, inflyasiyanın 14 faiz elan olunması siyasi mesajdır:
"Çünki son rəqəmlərə əsasən, rəsmi inflyasiya ölkədə 13,9 faizdir, indi gəlirlərin 14 faiz artmasını söyləməklə, gəlirlərin 0,1 faiz ümumi qiymət artımından artıq olduğunu deməyə çalışırlar.
Amma əslində, əsas göstərici ərzaq inflyasiyasıdır. Keçən il ərzaq inflyasiyası 20 faizə yaxın idi, indi bu ilin ilk ayında 17 faizdən yuxarı olduğu elan olunub. Bu da onu göstərir ki, vətəndaşlar üçün ərzaq inflyasiyası daha önəmlidir.
Əhalinin gəlirinin 55 faizi ərzaq məhsulları və dərmanlara xərclənir. Bu həm kasıblıq, həm də yoxsulluq göstəricisidir. Rəsmi rəqəmlər bunu deyir, qeyri-rəsmi rəqəmlər isə daha yüksəkdir. İnkişaf etmiş ölkələrdə əhalinin gəlirinin 20 faizədək ərzaq məhsullarına xərclənir və bu normal sayılır.
Ölkədə 1 milyon 300 min təqaüdçü var və əksəriyyətinin təqaüdü heç ərzaq və dərmana belə çatmır. Ona görə bizdə inflyasiya rəqəmlərini də, gəlirləri də açıqlayarkən bunun daha çox ərzaq və dərman qiymətləri ilə müqayisə olunması məntiqli olardı. Bu da real mənzərəni aydın göstərərdi.
Artım rəsmi inflyasiya rəqəmlərini kompensasiya edir, amma ərzaq və dərman preparatlarındakı qiymət artımı daha ciddi olduğu üçün insanların real gəlirlərinin artmasına yardımçı olmur. İnflyasiya insanların gəlirini "yeyib-bitirir"".
Bu xəbər üçün şərh yazın