İran Azərbaycanla quru sərhədlərini açıb
İran qonşu ölkələrlə, o cümlədən Azərbaycanla quru sərhədlərini yenidən açıb.
APA.az-ın Tehran bürosunun məlumatına görə, bu barədə İranın daxili işlər naziri Əhməd Vahidi məlumat verib.
O deyib ki, koronavirusun Omicron ştamına görə 15 gün öncə bağlanan sərhədlər yenidən açılıb və qonşu ölkələrin vətəndaşları İrana gediş-gəliş edə bilər.
Nazir qeyd edib ki, İrana səfər üçün qonşu ölkələrin vətəndaşları PCR testi verməlidir.
Əhməd Vahidi bildirib ki, koronavirusun nəzarətə götürüldüyü bəzi ölkələrdən də hava nəqliyyatı ilə İrana səfər məhdudiyyəti aradan qaldırılıb. Lakin bəzi Avropa ölkələri, o cümlədən Britaniya və Fransadan İrana hava nəqliyyatı ilə səfər hələlik qadağandır.
Qeyd edək ki, COVID-19 infeksiyasının Omicron ştamına yoluxma hallarının artmasına görə ötən il dekabrın 25-də İran Türkiyə, İraq, Əfqanıstan, Azərbaycan, Ermənistan və Pakistanla quru sərhədlərini 15 gün müddətinə bağlayıb. Bu haqda İranın Koronavirusla Mübarizə Qərargahı qərar qəbul edib. Qadağa təhsil və ticarət (biznes) vizası olanlara, iş, müalicə və investisiya sənədləri olanlara şamil olunmayıb.
Xatırladaq ki, pandemiya başlayandan bəri İranın Türkmənistanla quru sərhədləri bağlıdır.
Bu xəbər üçün şərh yazın