İşğaldan azad olunmuş rayonlarımızın yenidən qurulması davam edir
Ağdam sürətlə yenidən qurulur və qısa müddətdən sonra bir zamanlar erməni işğalına görə öz tarixi torpaqlarından, dədə-baba yurdlarından didərgin düşmüş vətəndaşlarımız bu torpaqlara daimi yaşamaq üçün geri dönəcəklər.
Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə səfərlərinin hər biri yeni sosial obyektlərin təməlinin qoyulması, yaxud açılış mərasimlərinin keçirilməsi ilə yadda qalır. Ölkə Prezidenti tarixi Zəfərimizin ilk günündən belə bir çağırışı etdi ki, bu ərazilərimiz qısa zamanda cənnət məkana çevriləcək, soydaşlarımız üçün zəruri olan bütün imkanlar yaradılacaq. Fevralın 13-də Prezident İlham Əliyev Qarabağ iqtisadi rayonunun Ağdam və Ağcabədi rayonlarına səfər etdi. Səfər zamanı diqqəti çəkən bir neçə vacib məqamı qeyd etmək lazımdır. İlk öncə onu vurğulamaq lazımdır ki, həm işğaldan azad olunmuş ərazilərin bərpası, həm də ölkənin digər regionlarının inkişafı dövlət başçısının diqqət mərkəzindədir. Bütün rayon, şəhər, kəndlərin tərəqqisi, yaşamaq və işləmək üçün şəraitin yaradılması bütövlükdə Azərbaycanın daha da qüdrətli və güclü olması deməkdir.
Dövlətimizin başçısı bölgələrə etdiyi bütün digər səfərləri kimi, Ağdama səfəri də bir çox önəmli açılışlar və təməlqoyma mərasimləri ilə əlamətdar idi. İlkin olaraq, səfər çərçivəsində Prezidentimiz Ağdam şəhərində sənaye parkının iki yeni müəssisəsinin təməlini qoydu. Bundan başqa işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Ağdamda infrastruktur layihələri sürətlə icra olunur, artıq azad edilmiş torpaqlarımızda yarımstansiyaların sayı 9-a çatıb. Prezident İlham Əliyevin açılışını etdiyi “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının fəaliyyəti nəticəsində bütün rayon elektrik enerjisi ilə dayanıqlı şəkildə təmin olunacaq. Səfər çərçivəsində dövlətimizin başçısı Ağdamda “Park Forest Otel Ağdam” mehmanxanasının təməlini qoydu. Bu isə işğaldan azad edilmiş torpaqlarda bir çox digər sahələr kimi, turizmin inkişaf etdirilməsi üçün də məqsədyönlü addımlardan biridir. Əlbəttə ki, xüsusi əhəmiyyət kəsb edən daha bir əlamətdar hadisə dövlətimizin başçısı tərəfindən yaşayış kompleksinin təməl daşının qoyulmasıdır. Ümumi sahəsi 1,55 hektar olan ərazidə ilkin mərhələdə 209 mənzildən ibarət 6 yaşayış binası inşa ediləcək. Mənzillərin ümumi yaşayış sahəsi 21 min 921 kvadratmetr olacaq. Kompleksin tikintisinin 2023-cü ilin dekabrında başa çatdırılması nəzərdə tutulub.
Prezident İlham Əliyevin səfərinin digər xüsusi əhəmiyyəti yenidən Ermənistanla sülh müqaviləsinin əsas şərtini açıqlaması idi. Dövlət başçısı İlham Əliyev yenədə qeyd etdi ki, “Əlbəttə ki, Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi olmalıdır. Beynəlxalq hüququn norma və prinsipləri əsasında qarşılıqlı surətdə ölkələrin ərazi bütövlüyünü tanımaq şərtilə bu sülh müqaviləsi imzalanmalıdır. Ancaq heç vaxt Azərbaycan xalqı bu vəhşiliyi unutmamalıdır. Heç kim bu vəhşiliyi unutmamalıdır”. Xalqımız uzun bir mübarizə yolu keçərək, vuruşaraq, şəhid verərək tarixi torpaqlarımızı erməni işğalından azad emişdir. Biz bu torpaqlarda daimi yaşayacayıq, bunun üçün bütün işlər səfərbər olunur, ordumuz daha da gücləndirilir.
Yaşar Rzayev,
Salyan şəhər 2 saylı tam orta məktəbin müəllimi
Bu xəbər üçün şərh yazın