İspaniya koronavirusa qarşı mübarizədə bacarmır -Hökumət NATO-dan kömək istədi
İspaniyada sutka ərzində yeni növ koronavirusdan 655 nəfər ölüb. APA-nın CNN-ə istinadla verdiyi xəbərə görə, bununla virusdan ölənlərin sayı 3600-ü keçib.
Beləliklə, İspaniya koronavirusdan ölənlərin sayına görə Çini ötərək İtaliyadan sonra ikinci yeri tutub. Qeyd edək ki, ölkədə koronavirus yoluxanların sayı 50 minə yaxınlaşıb.
Xatırladaq ki, Çində koronavirusdan ölənlərin sayı 3287 nəfərdir.
Azadliq.org-ın məlumatına görə, ispaniyada hökumətdə vəzifəcə üçüncü nazirdə də virus aşkarlanıb.. Ölkədəki qocalar evləri həddən artıq dolub, Madriddə xizək meydançası morqa çevrilib. Çərşənbə günü polis meydançanın yanında qarovul qurub. Adətən uşaqların ad günü şənliklərinin keçirildiyi bu məkana indi ard-arda cənazələr gəlməkdədir.
Baş nazirin müavini Karmen Kalvoda virus aşkarlanıb. Ölkədə tətbiq olunmuş 15 günlük fövqəladə vəziyyət 30 günədək uzadılır. Məktəblər, restoranlar, mağazalar bağlanıb. Martın 14-dən əhali əsasən evlərdən çıxmır.
“Sosial ünsiyyətdə tam azalmaya nail olmuşuq”, – fövqəladə səhiyyə xidmətinin rəhbəri Fernando Simon mətbuat konfransında deyib.
Çərşənbə günü koronovirus diaqnozu qoyulanların sayı 47 min 610-a çatıb. Amma bu rəqəm daha da yüksələ bilər, 137 min işçinin virusla bağlı xəstəlik məzuniyyətinə çıxdığı bəllidir. Minlərlə tibb işçisi də virusa yoluxub. Onlar hökuməti məhkəməyə verir, maska, əlyuma vasitələri, əlcək qıtlığından gileylənirlər.
Ordu NATO-dan ventilyator, qoruyucu geyim, test vasitələri istəyib. Bunu Silahlı Qüvvələrin başçısı Miguel Villaroya deyib.
Hökumət 432 milyon avro (467 milyon dollar) dəyərində maska, əlcək, test vasitələri, ventilyatorlar sifariş etdiyini bildirir. Səhiyyə naziri Salvador Illa deyib ki, sifarişlər səkkiz həftə ərzində çatdırıla bilər, ilk çatdırılma bu həftəyə gözlənir.
“Reuters” yazır ki, İspaniyanın şimalında bir ayaqqabı fabriki sadə qoruyucu maska istehsalına başlayıb. Karantin İspaniya iqtisadiyyatına böyük zərbə vurub, onminlərlə işçi müvəqqəti olaraq işdən kənarlaşdırılıb. Ən böyük işəgötürənlərdən olan El Corte Ingles bildirib ki, mağazalarından 22 min işçini çıxarıb.
Bu xəbər üçün şərh yazın