İsrail gəmisini İran partladıb? - Netanyahu bunu cavabsız qoyamayacaqlarını deyir
İsrailin Baş naziri Bencamin Netanyahu ötən həftə Oman körfəzində İsrailə məxsus yük gəmisinə hücuma görə İranı ittiham edir.
“Bu, İranın əməliyyatı idi. Bu aydındır”, – Netanyahu martın 1-də “Kan” dövlət radiosuna müsahibədə deyib.
“İran İsrailin ən böyük düşmənidir və mən bunu dayandıracağam. Bütün regionda onu vururuq”, – Netanyahu İsrailin cavab tədbiri görüb-görməyəcəyi haqda suala belə cavab verib.
"MV Helios Ray" gəmisi Səudiyyənin Dammam limanından Sinqapura gedirdi, fevralın 25-də onda partlayış baş verib. İsrailin Müdafiə naziri Benni Qants fevralın 27-də deyib ki, gəminin su səthindən yuxarıdan məruz qaldığı partlayışın arxasında İran durur.
“Gəminin nisbətən İranın yaxınlığında olması buna görə İranın məsuliyyət daşıması versiyasını gücləndirir, amma bu təsdiqlənməlidir”, – Qants “Kan” televiziyasına deyib.
“Hazırda, ilkin mərhələdə, yaxınlıq və konteksti nəzərə alaraq dəyərləndirməm belədir”, – Qants vurğulayıb.
İran noyabrda baş nüvə aliminin qətlində İsraili günahlandırıb və bunu cavabsız qoymayacağını bildirib. Qantsın sözlərinə görə, İranın İsrail infrastrukturu və vətəndaşlarını hədəfə almaq istəməsi bəlli idi.
Partlayış nəticəsində canlı itki olmayıb, amma gəminin böyründə 1.5 metr diametrlik iki deşik yaranıb. Bunu gəminin sahibi Rami Unqar fevralın 26-da deyib. Bahama bayrağı ilə üzən gəmi hazırda Dubaydadır, İsrailin təhqiqat qrupu araşdırma aparır./azadliq.org
Bu xəbər üçün şərh yazın