İsrail mediası 44 günlük savaşla bağlı SİRLƏRİ YAYDI
44 gün davam edən İkinci Qarabağ müharibəsinin başlamasının ildönümü ilə bağlı dünyanın aparıcı nəşrləri və KİV-ləri tərəfindən təhlillər, icmallar dərc edilməkdədir.
İsrailin “The Jerusalem Post” qəzeti öz məqaləsində “hələ də davam etməkdə olan ciddi geosiyasi şaxələnmələrə” gətirib çıxaran müharibənin başlamasının bir ilinin tamam olduğunu vurğulayır.
Qəzet münaqişənin qısa tarixçəsini xatırladır, bildirir ki, Dağlıq Qarabağ regionuna görə ilk müharibə 1988-1994-cü illərdə cərəyan edib və atəşkəs razılaşması ilə dayandırılıb. Amma tərəflər arasında gərginlik həmişə yüksək olub və getdikcə şiddətlənib. 2020-ci il sentyabrın 27-də yeni hərbi toqquşmalar başlayıb, tezliklə hər iki tərəf hərbi vəziyyət elan edib və öz ordularını səfərbər edib.
“Müharibənin özü iki əlamətdar amillə xarakterizə edilirdi: geosiyasi mürəkkəbliklər və pilotsuz döyüş sistemlərindən geniş istifadə. Dronlar Azərbaycan ordusu tərəfdən fəal istifadə edilirdi, bu da azərbaycanlılara erməni tanklarına, müdafiə istehkamlarına, artilleriyasına və şəxsi heyətinə böyük zərər vurmağa imkan verdi”, - İsrail qəzeti yazır.
Əlavə edilir ki, pilotsuz uçan aparatlardan istifadə azərbaycanlılara kəşfiyyatda da böyük üstünlük qazandırdı, bu da onlara erməni qüvvələrini qabaqlamaq üçün böyük taktiki üstünlük yaratdı.
“Geosiyasi mürəkkəbliklər baxımından münaqişəyə bir çox digər regional və qlobal nəhənglər cəlb olundu. Xüsusən Azərbaycan Türkiyənin ciddi dəstəyini gördü, Ermənistan isə Rusiya tərəfdən ciddi dəstək aldı”, - məqalədə deyilir.
Qəzet yazır ki, İsrail də bu münaqişəyə dolayısı ilə cəlb olunduğuna görə tənqidlərlə qarşılaşırdı. İsrailin hər iki tərəflə sıx əlaqələri olsa da, Azərbaycan tərəfinə pilotsuz sistemlər və hərbi texnika satdığı üçün erməni icması tərəfindən tənqidlər eşitdi.
Məqalədə İsrailin son onillik ərzində Azərbaycanla hərbi-texniki sahədə əməkdaşlığının necə dərinləşdiyi xatırladılır, Sülh və Müharibə Araşdırmaları İnstitutunun (SIRRI) hesabatına istinadla Azərbaycanın son beş ildə silah idxalının 69 faizinin İsrailin payına düşdüyü vurğulanır.
“Sonda müharibə Rusiyanın vasitəçiliyi ilə dayandırıldı. Müharibə Azərbaycanın qələbəsi ilə başa çatdı. Azərbaycanlılar 1990-cı illərdə Ermənistanın əlinə keçən ərazilərin böyük hissəsini geri qaytardılar. Geosiyasi baxımdan müharibə Azərbaycanın döyüş meydanında qələbəsi ilə başa çatsa da Rusiyaya imkan verdi ki, atəşkəs rejimi üzərində nəzarət əldə etsin, o cümlədən strateji əhəmiyyətli Laçın dəhlizinə nəzarət etsin və regionda öz mövqelərini möhkəmləndirsin”, - qəzet yazır.
“The Jerusalem Post” qeyd edir ki, geosiyasi nəticələrdən başqa müharibə dronların köməyi ilə müharibələrin aparılmasının aktuallığını da nümayiş etdirdi. “Azərbaycan enerji ehtiyatları ilə zəngin ölkə olaraq öz hərbi büdcəsini ildən ilə artırdı və bu da ona Ermənistan üzərində əhəmiyyətli üstünlük qazandırdı. Lakin bu üstünlük təkcə pilotsuz müharibəyə aid deyil. Britaniyanın strateji araşdırmalar İnstitutu digər amillərin də rol oynadığını qeyd edir, məsələn, müasir müharibələrə daha yaxşı uyğunlaşmış peşəkar Azərbaycan ordusunun”, - məqalədə deyilir.
Qəzet qeyd edir ki, ümumən Qarabağdakı müharibə pilotsuz döyüş vasitələrinin və müasir taktikanın döyüş meydanında landşaftı necə dəyişdiyini nümayiş etdirən ilk müasir hərbi münaqişədir. Və dronlar döyüş meydanında getdikcə daha çox rol oynadığından ola bilsin bu, gələcək müharibələr üçün ən ciddi nəticə olacaq.
Virtualaz.org
Bu xəbər üçün şərh yazın