İt-pişiyə verilməli toyuqları insanlara kim satır? - "Adını bilirəm, keçmiş məmurdur"
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirlər çərçivəsində bazarlarda ucuz qiymətə (3-ü 10-11 manata) toyuq məhsullarının satışı ilə bağlı kütləvi informasiya vasitələrində yayılan məlumatlara əsasən, ölkə ərazisində fəaliyyət göstərən ticarət şəbəkələrində monitorinq aparılıb.
Monitorinq zamanı Gürcüstan Respublikasından “Nazal-M” MMC tərəfindən ölkəyə idxal edilən “Poultry Georgiya” MMC-nin istehsalı olan, Belarus Respublikasından “Orion Qlobal” MMC tərəfindən gətirilən "Soliqorsk Quşçuluq Fabriki" ASC-nin istehsalı olan və “AFM Construction” MMC tərəfindən idxal edilən “1-ci Minsk Quşçuluq Fabriki” ASC-nin istehsalı olan ikinci sort toyuq məhsullarının “kənd toyuğu” adı altında satışının həyata keçirildiyi müəyyən edilib. Yoxlamalar zamanı toyuq məhsullarının ticarət obyektlərindən geri çağırılması ilə əlaqədar məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub və müəssisələrin məsul şəxsləri barəsində inzibati tənbeh tədbirləri görülüb.
Lakin bütün yoxlamalara baxmayaraq, hələ də metro giriş-çıxışlarında, kiçik dükanlarda bu məhsulun satışına rast gəlinir.
"Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Mürvət Həsənli Cebhe.info-ya bildirib ki, satışda olan bu toyuqlar haqqında dəfələrlə danışıb:
"Bizim işbazlarımız bu toyuqların üzərinə "halal toyuq", "kənd toyuğu" yazıb, istehlakçını aldadırdlar. Belə məhsulların ifşası zamanı Cebhe.info saytı bizə çox fəal şəkildə mətbuat dəstəyi verdi. Dəfələrlə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bunu tam nəzarətə götürdü və qarşısını müəyyən mənada alınmasında bizə dəstək verdi. Bizə bu sahədə ən böyük dəstək AQTA-dan gəldi. Zatən sözügedən agentliyin borcu idi ki, həmin toyuqların "kənd toyuğu" adı ilə camaata satılmasının qarşısını alsın, istehlakçı aldanmasın".
Birlik sədri deyib ki, bu toyuqları satışa çıxaran şirkət rəhbəri ona hədə- qorxu gəlib. Həmçinin, sözügedən məsələ ilə bağlı hətta ona Belarus səfirliyindən də zəng gəlib:
"Bu sahədə bizim işbazlarımızı dayandırmaq olmur. Məsələn, "Orion Qlobal” MMC, “AFM Construction” MMC və s. şirkətlər. Hətta o zaman mənə hədə- qorxu da gəldilər, dedilər biz malları satmalıyıq. Səhv etmirəmsə, mənə olan təhdid “AFM Construction” MMC-nin rəhbərliyi tərəfindən idi. Mənə dedilər ki, onların hətta Belarusun nazirlərinə belə təsir etmək imkanları var. O ki qaldı Azərbaycana.
Daha sonra bizə Belarus səfirliyindən zəng etdilər. Onlara başa saldıq ki, bu, ikinci sort toyuqdur. Satılırsa, heç olmasa öz adı ilə satılsın. Bu toyuqlar Afrika ölkələrinə göndərilir. İt- pişik yemi kimi istifadə edilir. Bizim işbazlar bir az ucuz olduğuna görə, alıb gətirib bazarı belə məhsullarla doldurmuşdular".
Mürvət Həsənli ötən ayın yaz aylarında ona hədə gəlindiyini açıqlayıb:
"Bundan sonra biz mübarizəmizi daha da gücləndirdik və sakitləşdilər. Neçə dəfə mənə müraciət etdilər, yanıma gəldilər. Məhsulu şəbəkə marketlərində satmaları üçün bizdən icazə istədilər. Marketlər rəhbərliyinə minnətdarlıq edirəm. Qarşı tərəf sözügedən toyuqların satışını istəyirdi, lakin həmin marketlər şəbəkələri qəbul etmədilər. Amma yenə də belə məhsulları metronun girişində, "8- ci kilometr” bazarında, 3- cü mikrorayon bazarında istehlakçıları aldada- aldada satdıqlarını görürdük. Daxili İşlər Nazirliyindən buna operativ reaksiya verdilər.
"8- ci kilometr” bazarından bu məhsulları yığışdırdılar. Müəyyən müddətdən sonra baxdıq ki, onlar yenə də "cücərməyə" başladılar. Yenə də müraciət edirəm ki, bunların qarşısı birdəfəlik alınmalıdır. Yəni belə məhsullar sərhəddən buraxılmamalıdır. Belə toyuqların vaxtı 4 aydır".
Müsahib sonda bildirdi ki, sözügedən toyuq işbazlığının arxasında adını açıqlamaq istəmədiyi keçmiş məmur dayanır:
"Mən onun kim olduğunu bilirəm. O məmura da elə sizin vasitənizlə xəbərdarlıq edirik ki, yığışdırın oyunlarınızı. Bəsdir! Qurtarın! Bundan artıq başqa şey deyə bilmirəm".
Bu xəbər üçün şərh yazın