"Jurnalistlər bu cür absurd iddialardan qorunmalıdır" -

"Jurnalistlər bu cür absurd iddialardan qorunmalıdır" - ETİRAZ

Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvü Sara Əzimova tanınmış jurnalist Heydər Oğuzu məhkəməyə verib.

Əzimova iddia edir ki, Heydər Oğuz ona böhtan atıb. Bir neçə ay davam edən məhkəmə prosesindən sonra bu il iyulun 21-də Suraxanı Rayon Məhkəməsi Heydər Oğuza 6 ay islah işləri cəzasının verildiyi hökm çıxarıb. Tanınmış jurnalist barəsində çıxarılan hökmün sifarişli və ədalətsiz olduğunu, onun əməlində cinayət tərkibinin olmadığını bildirir. Heydər Oğuz qeyd edir ki, onu Naxçıvanın sabiq rəhbəri Vasif Talıbovla bağlı kəskin tənqidi yazılarına və çıxşlarına görə kimlərsə “cəzalandırıb”. Jurnalist ona bəraət verilməsi üçün apellyasiya şikayəti verib.


Heydər Oğuza bu cəzanın verilməsinə ölkəmizin tanınmış ictimai və siyasi xadimləri kəskin etiraz ediblər.


Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa TNS-ə açıqlamasında bildirib ki, Heydər Oğuzu uzun illərdir, tanıyır.


Millət vəkili qarşı tərəfə hansısa bir ittiham irəli sürmədən Heydər Oğuzun cəzalandırılmasını doğru hesab etmir.


“Məncə tərəflərin barışması daha düzgün olardı. İctimai şəxslərin bir-birini bu formada məhkəmə çəkişməsinə cəlb etməsi xoşagələn hal deyil. Fikrimcə, islah işləri cəzasının verilməməsi daha düzgün olardı. Çünki bu cazaya tanınmış jurnalistin məhkum olunması mənəvi tərəfdən də yaxşı hal deyil. Ona görə də, ümid edirəm ki, yuxarı instansiya məhkəməsi apellyasiya şikayətinə xüsusi olaraq baxacaq və hökmün ləğv olunması isiqamətində addım atacaq”, - millət vəkili bildirib.


Fazil Mustafa deyib ki, qarşı tərəfin məsələdə israr etməməsi daha doğru olar.


“Çünki elə bir anlaşılmazlıq yoxdur ki, onu aradan qaldırmaq mümkün olmasın. Bunu danışıqla, münasibətlərlə yoluna qoymaq mümkündür. Bu qərarın dəyişdirilməsinin mən də tərəfdarıyam. Hər hansı bir şəkildə Heydər Oğuz kimi tanınmış bir ictimai xadim və media təmsilçisinə qarşı bu addımın atılması hər kəsdə narahatçılıq yaradan məsələdir. Məncə bu narahatçılığa da yuxarı instansiya məhkəməsi son qoyacaq”, - deputat əlavə edib.


Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə isə bildirib ki, Heydər Oğuz tanınmış jurnalist olmaqla yanaşı, Azərbaycan cəmiyyətində ictimai xadim, vətənpərvər, hər zaman dövlətin və dövlətçiliyin yanında olan ziyalı kimi tanınıb.


Partiya sədri deyib ki, Heydər Oğuz öz yazıları ilə bunu dəfələrlə sübut edib və etməkdədir.


“Suraxanı Rayon Məhkəməsində onun barəsində qaldırılmış bu cinayət işinin detallarını, bir sıra prosesual pozuntuları kənara qoyaraq, təbii ki, kifayət qədər absurd iddilar var, məsələnin mənəvi tərəfinə xüsusi diqqət yetirmək istəyirəm. Hökm jurnalistlərin peşə bayramı günündən bir gün əvvəl çıxarılıb və bu, ictimaiyyət tərəfindən xüsusilə vətənpər bir Azərbaycan jurnalistini “cəzalandırmaq” aktı olaraq qəbul edilib. Bu, yolverilməzdir”, - Arzuxan Əlizadə bildirib.


Onun sözlərinə görə, baş vermiş prosesual pozuntular və iddianın absurdluğu ilə bağlı növbəti məhkəmə instansiyalarına - Apellyasiya Məhkəməsinə və əgər ehtiyac olacaqsa, digər məhkəmələrə də müraciət olunacaq:


“Təbii ki, biz də prosesi diqqətdə saxlayacağıq. Heydər Oğuzu yaxından tanıyan, onun vətənpərvərliyinə, dövlətçiliyə xidmətinə zərrə qədər şübhə etməyən bir şəxs olaraq bundan təəssüfləndiyimi bildirirəm. Heydər Oğuza istənilən müstəvidə dəstək verməyə hazır olduğumu bəyan edirəm. Ümid edirəm ki, növbəti məhkəmə instansiyalarında Suraxanı Rayon Məhkəməsinin çıxardığı qərar ləğv olunacaq və biz ədalətin bərqarar olmasına şahidlik edəcəyik”.


Partiya sədri məhkəmənin qərarına təsir etmək fikrində olmadığını bildirərək deyib ki, bizim bu cür vətənpərvər, dövlətinə, dövlətçiliyə xidmət edən jurnalistlərimizə qarşı qarayaxma kampaniyalarının aparılması heç bir halda təqdir ediləcək məsələ deyil.


“Bu cür kampaniyaların qarşısı alınmalıdır, bizim dəyərli jurnalistlərimiz, ictimai-siyasi xadimlərimiz mütləq mənada bu cür absurd iddialardan qorunmalıdırlar. Bu prosesdə Azərbaycan məhkəmələri, Azərbaycan ədalət sistemi də belə insanların yanında olduğunu sübut etməlidirlər”, - Arzuxan Əlizadə əlavə edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi