Kamaləddin Qafarov: "Azərbaycan Avropada strateji tərəfdaşlarının sayını artırır"
“Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasına etdiyi işgüzar səfəri ölkəmizin Avropanın enerji təhlükəsizliyi ilə bağlı iştirak etdiyi irimiqyaslı beynəlxalq layihələrin icrası istiqamətində atılmış növbəti mühüm addım oldu.
Səfər çərçivəsində “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib. Mərasimdə iştirak edən Prezident İlham Əliyev Anlaşma Memorandumunun imzalanmasını enerji resurslarının daha da şaxələndirilməsi, o cümlədən enerji təhlükəsizliyinin gücləndirilməsi baxımından yüksək qiymətləndirib”.
Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov söyləyib.
Millət vəkili dövlətimizin başçısının altı ay əvvəl Bolqarıstana rəsmi səfər etdiyini, eləcə də bir ay əvvəl Bolqarıstan Prezidenti R.Radevin Azərbaycanda rəsmi səfərdə olduğunu xatırladıb. “Məlumdur ki, icrasına ötən ilin oktyabr ayında start verilmiş, Yunanıstan ilə Bolqarıstan arasında interkonnektor vasitəsilə inteqrasiya layihəsi Azərbaycanın təbii qaz təchizatının coğrafiyasını daha da genişləndirmək imkanını yaratdı. Aprelin 26-da imzalanmış Anlaşma Memorandumu icra olunduqdan sonra isə Avropada enerji təhlükəsizliyini birmənalı olaraq daha da gücləndirəcək və Azərbaycana daha çox Avropa ölkəsinə qaz ixrac etməyə fürsət yaradacaq.”
Deputat Azərbaycanın Avropada strateji tərəfdaşlarının sayının getdikcə artdığını və bunun mühüm göstərici olduğunu vurğulayaraq deyib: “Bu gün Azərbaycanın nail olduğu uğur və qələbələrin əldə edilməsində Ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu müstəsna rol oynayır. Məhz bu siyasi kurs ölkəmizin beynəlxalq mövqelərinin getdikcə möhkəmlənməsini, həm də bunun sürətlə baş verməsini təmin edir. Bu gün Azərbaycan Avropa İttifaqının 9 üzv dövləti ilə “Strateji Tərəfdaşlıq haqqında” Bəyannamə və ya Sazişlərə imza atıb. Prezidentimizin də qeyd etdiyi kimi, Avropa İttifaqına üzv dövlətlərin üçdə biri Azərbaycanın strateji tərəfdaşıdır və bu tərəfdaşlığın çox yaxşı gələcəyi var. Məlum olduğu kimi, ötən ilin iyul ayında Azərbaycan və Avropa Komissiyası arasında “Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Bu sənəd əsasında Azərbaycan 2027-ci ilə qədər Avropa İttifaqı bazarına qaz təchizatını iki dəfə artırmağı planlaşdırır. Hazırda Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və Rumıniyaya ixrac olunan Azərbaycan qazı, əgər bütün lazımi interkonnektorlar olarsa, bu ilin sonundan etibarən Macarıstana və Slovakiyaya da çatdırılacaq. Beləliklə, “Həmrəylik Halqası”nın üzvü kimi, yaxın vaxtlarda Slovakiya da enerji sahəsində Azərbaycanın tərəfdaşına çevriləcək. Bununla da ölkəmizin qaz təchizatının coğrafiyası 6 ölkədən, ən azı 10 ölkəyə qədər genişləndiriləcək. Lakin bu da perspektiv planların son həddi deyil. Cənab Prezident İlham Əliyev Azərbaycanın Avropanın qaz bazarında fəaliyyətini daha da genişləndirməyi planlaşdırdığını diqqətə çatdırdı və bildirdi ki, “Həmrəylik Halqası” müştərək geniş planların icrasında mühüm rol oynayacaq.”
K.Qafarov öz açıqlamasında Azərbaycanın bərpaolunan enerji ehtiyatlarının da Avropa İttifaqı ilə tərəfdaşlıq əlaqələrinin dərinləşməsində xüsusi rolu olacağını qeyd edib: “Məlumdur ki, bu gün təbii qaz ölkəmizin Avropaya ixrac etdiyi yeganə enerji məhsulu deyil. İyirmi ildən artıqdır ki, Azərbaycan həm də xam nefti ixrac edən iri təchizatçı kimi özünü etibarlı tərəfdaş olaraq təsdiqləyib. Neft-kimya məhsulları və elektrik enerjisi də ixracın bir hissəsidir. Bu gün Azərbaycanın bərpaolunan enerjinin istehsalı və ixracı mənbəyinə çevrilməsi üzərində intensiv çalışmalar aparılır. Bu məqsədlə Azərbaycan enerji sahəsində aparıcı beynəlxalq şirkətlərlə müqavilələr və anlaşma memorandumları imzalayıb. Bu razılaşmalarda ilkin olaraq 25 qiqavatdan artıq bərpaolunan enerjinin istehsalı nəzərdə tutulur. Artıq ilk külək və günəş enerjisi stansiyalarının tikintisinə start verilib. Ümumilikdə isə Azərbaycanda bərpaolunan enerjinin hesablanmış potensialı təxminən 200 qiqavatdır. Göründüyü kimi, 1994-cü ildə imzalanmış möhtəşəm “XX əsrin müqaviləsi” ilə başlanan neft meqalayihələrindən tutmuş, hazırda qaz, sonra “yaşıl hidrogen”ə qədər ən müxtəlif enerji layihələri Azərbaycanın Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyi baxımından önəmini getdikcə artırır. Prezident İlham Əliyevin dediyi kimi, Avrasiyanın enerji xəritəsi yenidən cızılır və Azərbaycan bu prosesdə mühüm rol oynayır”.
Bu xəbər üçün şərh yazın