Kamaləddin Qafarov: “İranın Ermənistanla həmrəyliyinin arxasında nələr dayanır?”
“Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət sayəsində Azərbaycanın müsəlman ölkələri ilə əlaqələrini getdikcə möhkəmləndirməsi, İslam dünyasının birlik və bütövlüyünə dəyərli töhfələr verməsi fonunda yaxın qonşumuz İran İslam Respublikasının ölkəmizə qarşı sərgilədiyi münasibət və davranış tərzi qətiyyən İslam həmrəyliyi formatına uyğun deyil.”
Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
K. Qafarovun fikrincə, əslində, İranı heç də bütün qonşuları ilə ixtilafda olmaqda, onlara qarşı təxribatlar törətməkdə ittiham etmək olmaz:” Əksinə, bəzi qonşuları ilə münasibətdə İran kifayət qədər birlik və həmrəylik nümayiş etdirir. Amma məsələ ondadır ki, rəsmən İslam dövləti statusuna sahib bu ölkənin həmrəyliyi, nədənsə, müsəlman ölkəsi olan Azərbaycanla deyil, məscidləri dağıdan və təhqir edən, ibadətgahlarımızda donuz saxlayan Ermənistanla münasibətlərində özünü göstərir. Bu həmrəyliyi ilə fəxr edən İran sanki erməni vandallarının hərəkətlərini təqdir edirmiş kimi, Qafanda öz konsulluğunu da açır. 30 il davam edən işğal dövründə Azərbaycanın sərvətlərinin ermənilər tərəfindən talan edilməsində bilavasitə iştirakı, işğal altında olan Qarabağda at oynadan separatçılara silah-sursat daşınmasını həyata keçirməsi, minlərlə günahsız müsəlmanın vəhşicəsinə qətlə yetirilməsinə göz yumması azmış kimi, bu gün də İran Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını əngəlləmək üçün əlindən gələni edir. Xüsusilə də Zəngəzur dəhlizinin açılmasına hər vəchlə mane olmağa çalışan İran uzun illərdən bəri beynəlxalq narkoticarət marşrutunun əlndən çıxması ilə də heç cür barışa bilmir.”
Deputat qeyd edib ki, İranın Azərbaycana qarşı düşmənçilik siyasəti təkcə işğal altında olan ərazilərimizdə fəaliyyətində deyil, həmçinin ölkəmizdə daim təxribatlar və iğtişaşlar törətmək cəhdlərində də özünü göstərib: “ Ölkəmizin ərazisində dini-ekstremist qruplaşmaların yaradılması, dini zəmində iğtişaşların törədilməsinə cəhdlər göstərilməsi İranın müstəqil Azərbaycana qarşı əsl münasibətinin təzahürləridir. Lakin Azərbaycan cəmiyyəti də, dövləti də bu kimi hücumlardan sarsıla biləcək durumda deyil. Belə cəhdlərin qarşısı bir tərəfdən xalq-iqtidar birliyi, digər tərəfdən də təhlükəsizlik orqanlarının qüsursuz işi ilə qətiyyətlə alınır və bundan sonra da alınacaq. İran özü də bunu çox gözəl başa düşür və məhz buna görə də bu gün artıq yarıgizli təxribat cəhdləri daha çox aşkar əzələ nümayişi aktları ilə əvəz olunur. İran sərhədlərimizə qoşun toplayır, 30 il ərzində bircə dəfə belə olsun keçirmədiyi hərbi təlimlər təşkil edir. Hər şey isə daha sadədir. İran rejimi sadəcə olaraq inteqrasiya oluna bilmədiyi dünyanı mümkün qədər təşviş içərisində saxlamağa, əli çatdığı ölkələrdə isə xaos və dağıntılar hesabına öz mövqeyini möhkəmlətməyə çalışır.”
K. Qafarov bildirib ki, İranın indiyədək guya ki, “himayə” etdiyi müsəlman ölkələrinin düşdükləri acınacaqlı vəziyyət də cənub qonşumuzun siyasi və hərbi acizliyinin daha bir sübutudur: “Artıq uzun illərdir ki, Yaxın və Orta Şərqdə yaşanan bütün hərbi münaqişələrdə İran bu və ya digər şəkildə iştirak edir. Həm də rəsmi Tehranın ideoloji təbliğat maşını dünyada, xüsusən də müsəlman aləmində belə bir yanlış rəy yaratmağa çalışır ki, guya bu ölkənin bütün hərəkətləri İslam təəssübkeşliyi əsasında istiqamətlənir. Lakin bu “təəssübkeşliyin” məhz müsəlman ölkələrinə necə baha başa gəldiyini İraq, Suriya, Əfqanıstan, Livan, Yəmən, Fələstin və Bəhreynin timsalında açıq-aşkar görmək mümkündür. Bu gün İran bir tərəfdən öz daxilində Azərbaycana hərbi müdaxilə üçün ictimai rəy formalaşdırır, digər tərəfdən də ölkəmizdə dini qüvvələrin siyasiləşdirilməsi istiqamətində iş aparmaq, dini və milli düşmənçilik yaymaq, dini tolerantlığı pozaraq gərginlik yaratmaq istiqamətində səylər göstərir. Lakin Azərbaycan bu gün bütün təhdidlərin qarşısını almağa, istənilən təxribatlara qarşı lazımi şəkildə cavab verməyə qadir bir ölkədir və bu ölkə ilə hədə və təhdid dilində danışmaq heç kimə fayda verməz”.
Bu xəbər üçün şərh yazın