"Kanal 13"ün rəhbərinin hədələnməsi ilə bağlı Vilayət Eyvazova MÜRACİƏT OLUNDU
Azərbaycan Mətbuat Şurası "Kanal 13" internet televiziyasının rəhbəri Əziz Orucovun özünə qarşı təhdidin olmasına dair facebook sosial şəbəkəsində paylaşdığı statusla əlaqədar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət ünvanlayıb.
Müraciətdə bildirilib ki, "Kanal 13" internet televiziyasının rəhbəri Əziz Orucov 8 iyul 2022-ci il tarixdə özünün facebook səhifəsində naməlum şəxs tərəfindən təhdid edildiyi barədə paylaşım edib. Jurnalist hadisənin Bakıda "Sahil" bağında ailəsi ilə birlikdə gəzintidə olarkən baş verdiyini açıqlayıb və yaşanmış olayın peşə fəaliyyətilə bağlılığını qabardıb.
"Qeyd edək ki, Ə.Orucovun paylaşımı kifayət qədər ictimailəşib, müxtəlif şəxslər tərəfindən yayılıb, olayı söz və ifadə azadlığı, jurnalistin peşə fəaliyyətinə maneçilik törətmək, plüralist fikri boğmaq cəhdi kontekstində qiymətləndirənlər var" kimi fikirlərin yer aldığı müraciətdə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovdan məsələni şəxsi diqqətində saxlaması xahiş edilib, eyni zamanda insidentin dərindən öyrəniləcəyinə, ona hüquqi qiymətin verilməsi üçün bütün müvafiq tədbirlərin görüləcəyinə inam ifadə olunub."Onu da arzu edərdik ki, jurnalistin peşə fəaliyyətinə görə təhdid edilməsi kimi motiv qazanaraq ölkəmizin beynəlxalq nüfuzuna kölgə salmaq niyyəti daşıyanlar üçün arqumentə çevrilmə ehtimalı yüksək olan bu məsələyə dair əsl həqiqətlər cəmiyyətə açıqlansın", - deyə sənəddə vurğulanıb.
Bu xəbər üçün şərh yazın