“Kəbrə Məmmədova toxunulmazdır?” - Aldadılan sahibkar Usubov və Qaralova müraciət etdi

“Kəbrə Məmmədova toxunulmazdır?” - Aldadılan sahibkar Usubov və Qaralova müraciət etdi 

Prezident seçkiləri kampaniyasının təbliğat-təşviqat mərhələsində İctima Televiziyada namizədlərin teledebatı zamanı ADP sədri Sərdar Cəlaloğlu hakimiyyətin apardığı siyasəti ümumi tənqid etməklə yanaşı iş adamlarının üzləşdikləri problemlərlə bağlı konkret faktlar da açıqlayırdı.

 Prezidentliyə namizəd bu sırada “Binə” Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədova tərəfindən aldadılan sahibkar Şahin Əliyevin də adını çəkmişdi. Bildirmişdi ki, Ş.Əliyevin 32 min dolları K.Məmmədova tərəfindən mənimsənilib. 

Bakı şəhəri T.Abbasov küçəsi ev 2 ünvanıda yaşayan Əliyev Şahin Əli oğlu qarşılaşdığı dələduzluq faktı ilə bağlı hüquq-mühafizə orqanlarının rəhbərlərinə, o cümlədən Daxili işlər naziri Ramil Usubov, Baş prokuror Zakir Qaralov, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə çoxsaylı müraciətlər edib. Ancaq indiyədək heç bir müsbət nəticə əldə edə bilməyib. Onun Baş prokuror Zakir Qaralova sonuncu müraciəti Respublika Prokurorluğundan Bakı Şəhər Prokurorluğuna, ordan isə Xəzər Rayon Prokurorluğuna göndərilib. Sonuncu isə faktla bağlı cinayət işi qaldırmaq əvəzinə, Şahin Əliyevə məsləhət verib.

Bu haqda məlumat verməzdən öncə qeyd edək ki, iş adamı Şahin Əliyev “AzPolitika.info” saytına müraciətində iri biznes strukturlarından birinə rəhbərlik edən Kəbirə Məmmədova tərəfindən necə aldadıldığını açıqlayıb. Onun sözlərinə görə, Kəbirə Məmmədova yalan vədlərlə, bir növ dələduzluq yolu ilə 32 min dollarını mənimsəyib.

1399266576_imeni-2

32 min dollar alsa da, dükanını təhvil verməyib!

Şahin Əliyevin sözlərinə görə, 2007-ci ildə – hələ Lökbatanda “Binə” Ticarət Mərkəzinin tikintisi gedən zaman Kəbirə Məmmədova ilə görüşərək dükan almaq istədiyini bildirib. O zaman tikilməkdə olan Ticarət Mərkəzində ümuni sahəsi 40 kv.m. olan anbar üçün yer ayrılmasına dair onunla müqavilə imzalanıb. Dükanın hər kvadrat metri 600 manatdan satılıb. Bundan əlavə təmir, qapı üçün və digər xərclər də hesablanaraq, Şahin Əliyevdən 32 min dollar pul alınıb. Ancaq müqavilədə Şahin Əliyevə veriləcək dükanın Ticarət Mərkəzinin hansı hissəsində, daha dəqiqi, neçənci sırasında olduğu dəqiqləşdirilməyib.

“Binə” Ticarət Mərkəzi 2009-cu ildə istifadəyə verildikdən sonra dükanını təhvil almaq üçün gedən Şahin Əliyevə bildirilib ki, ona 21-ci sırada yer verilib.

BINE 1

Həmin sıra da hələlik hazır deyil. İlk illərdən 5-6 sırası fəaliyyət göstərən Binə Ticarət Mərkəzində uzun illər keçsə də, yeni sıraların tikintisi həyata keçirilməyib. Şahin Əliyevin narazılığından, bu gedişlə 21-ci sıranın hələ 100 ilə hazır olmayacağını deməsindən sonra, ona 11-ci sırada yer veriləcəyi bildirilib. Təbii ki, yenə də kağız üzərində. Məsələ ondadır ki, “Binə” Ticarət Mərkəzində indiyədək cəmi 9 sıra tikilərək istifadəyə verilib. Son illər alver zəiflədiyindən, son sıralarda ümumiyyətə dükanlar bağlı qaldığından yeni sıraların tikintisi də aparılmır. Bu da Şahin Əliyev və onun kimi neçə sahibkarın “Binə” Ticarət Mərkəzində nə vaxtsa yer ala biləcəyini sual atında qoyur.

“Əvvəlcə bizə satılmış olan dükanlar sonradan başqalarına da satılıb”

Qeyd edək ki, Şahin Əliyev belə bir vəziyyətin “Binə” Ticarət Mərkəzinin rəhbərliyi tərəfindən daha çox pul qazanmaq üçün qəsdən yaradıldığı qənaətindədir: “Kəbirə Məmmədova “Binə” Ticarət Mərkəzini mənim kimi iş adamlarından əvvəlcədən pul yığıraq tikdi. Ticarət Mərkəzi istifadəyə verildikdən sonra ordan dükan almaq istəyənlər artdı.

BINE 2

Kəbirə Məmmədova da əslində bizə verilməli olan dükanları həmin adamlara satmaq üçün hiylə işlətdi. Sıraları əvvəlcədən nəzərdə tutulduğu kimi 1,2,3 və sair şəkildə deyil, 1a, 1b, 1c, 1d, 2a, 2b, 2c və sair kimi işarələməyə başladı. Beləliklə, əvvəlcədən 1-ci, 2-ci, 3-cü və sair sıralarda yer alanlar müvafiq olaraq 1a, 2a, 3a və sair sıralara yerləşdirildi. 1b, 1c, 1d, 2b, 2c və sair sıralarda yerləşənlər isə əllələrində pul yeni dükan almaq üçün sonradan gələn şəxslərə satıldı. Yəni, sıralar əvvvəlcədən nəzərdə tutulduğu şəkildə nömrələnsəydi, bizim dükanlar çoxdan təhvil verilmişdi. Ancaq belə edilmədi. Bu isə o deməkdir ki, bizə verilməli olan dükanlar, sıraların işarəsi dəyişdirilməklə, başqalarına satılıb. Yəni, faktiki olaraq əvvəlcə bizə satılmış olan dükanlar sonradan başqalarına satılıb. Bu isə dələduzluqdur”.

“Adam tap icarəyə verək, ayda sənə də 200-300 manat verərik”

Şahin Əliyevin sözlərinə görə, müqavilənin şərtlərinə əməl etmədikləri üçün “Binə” Ticarət Mərkəzinin rəhbərliyindən pulunun geri qaytarılmasını tələb edib. Bununla bağlı Kəbirə Məmmədovanın müavini Dilşad Əmirova ilə görüşüb. O isə pulu qaytara bilməyəcəklərini söyləyib: “Dedi ki, boş dükanlar var. Adam tap icarəyə verək, ayda sənə də 200-300 manat verərik. Ya da istəyirsən get məhkəməyə ver. Mən isə faktiki olaraq dələduzluqla üzləşdiyim üçün cinayət işinin qaldırılması tələbilə hüquq-mühafizə orqanlarına müraciət edəcəyimi bildirdim. O da “nə istəyirsə et” dedi”.

img1427066
Şahin Əliyev də qarşılaşdığı dələduzluq faktı ilə bağlı vəkili vasitəsilə Resbublika Prokurorluğuna müraciət edib. Respublika Prokurorluğundan iş baxılmaq üçün Qaradağ Rayon Prokurorluğuna göndərilib. Ordan da pulun vaxtilə Binə qəsəbəsində verildiyi nəzərə alınaraq, cinayət işinin açılması üçün Xəzər Rayon Polis İdarəsinə göndərilib.

Şahin Əliyevin sözlərinə görə, onu, eləcə də pul verdiyi vaxt yanında olan şəxsləri Xəzər Rayon Polis İdarəsinə çağıraraq, izahatlarını alıblar: “Təxminən 1 ay ərzində dəfələrlə gedib-gəldik. Kəbirə Məmmədovanı izahat almaq üçün gətirə bilmədilər. Hər dəfə bir bəhanə ilə izahat verməyə gəlməkdən yayınırdı. Axırda da mənə bildirdilər ki, deyir gəlsin ayda 100-150 dollar verim. Mən də təbii ki, imtina etdim. Bildirdim ki, necə 32 000 dolları bir dəfəyə məndən alıb, elə də qaytarsın. Bundan sonra bir müddət xəbər çıxmadı. Ancaq sonra hüquqi nümayəndəmin ünvanına məktub göndəriblər ki, cinayət tərkibi olmadığı üçün işə xitam veriblər”.

“Prokurorluq cinayət işi açmaq əvəzinə, mənə məsləhət verir”

Bundan sonra Şahin Əliyev Baş Prokurorluğa üz tutub: “Polisdən verilən cavab məni qane etmədiyindən Baş Prokurorluğa müraciət etdim. Mənin şikayətim baxılmaq üçün 6 mart 2018-ci il tarixdə Baş Prokurorun birinci müavini Rüstəm Usubovun imzası ilə Bakı Şəhər Prokurorluğuna göndərilib. Bununla bağlı cənab Rüstəm Usubov Bakı şəhər prokuroru İlqar Abbaova məktub da yazıb. Ancaq Bakı Şəhər Prokurorluğu mənim şikayətimə baxmaq əvəzinə, cəmi bir həftə sonra – 13 mart 2018-ci il tarixdə araşdırılması üçün Xəzər Rayon Prokurorluğuna göndərib.

Xəzər Rayon Prokurorluğu da cəmi 10 gün sonra – 27 mart 2018-ci il tarixdə mənə məktub göndərdi. Məktubda Xəzər Rayon Polis İdarəsi İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru İsmayıl Babayev tərəfindən işin araşdırıldığı, işin mülki xarakter daşıdığının müəyyən edildiyi vurğulanaraq, mənə məhkəməyə müraciət etmək məsləhət görülb. Yəni,  Xəzər Rayon Prokurorluğu hər hansı bir araşdırma aparmadan, Xəzər Rayon Polis İdarəsi İstintaq Şöbəsinin mənə verdiyi cavabı təkrarlayıb. Polis mayoru İsmayıl Babayevin bu işlə bağlı cinayət işi açmaqdan imtina etməsini haqlı sayıblar. Faktiki olaraq mənim şikayətimə baxmayıblar. Prokurorluq cinayət işi açmaq əvəzinə, mənə məsləhət verib”. 

Şikayətçi Zakir Qaralovdan və Ramil Usubovdan kömək istəyir!

Bu qərardan narazı qalan Şahin Əliyev bir daha Daxili işlər naziri Ramil Usubova və Baş prokuror Zakir Qaralova müraciət edərək, işi şəxsi nəzarətlərinə götürməyi xahiş edir: “Hörmətli nazirimiz Ramil Usubovdan, Baş prokurorumuz Zakir Qaralovdan bu işi nəzarətə götürmələrini xahiş edirəm. Kəbirə Məmmədovanın qulluq mövqeyindən istifadə edərək, məni aldatdığı aydındır. 10 il əvvəl dükan vermək adı ilə məndən 32 000 dollar pul alsa da, bu günə qədər müqavilənin şərtinə əməl etməyib. Etmək də fikrində deyil. Bu dələduzluq, etibardan sui-istifadə etmək deyilmi? Bu halda niyə Kəbirə Məmmədova ilə bağlı cinayət işi açılmır? Mənim kimi neçə sahibkarın pulunu mənimsədiyi halda niyə hüquq-mühafizə orqanları onunla bağlı tədbir görməkdən yayınır? Ölkə Prezidentimiz də sahibkarlara qarşı haqsızlıqlara yol verməməyi, onları qorumağı tapşırıb. İş adamlarını incidənlərə qarşı ən sərt tədbirlər görüləcəyini bildirib. Ancaq Kəbirə Məmmədovanın əməllərinə hüquqi qiymət verilmir. Məgər Kəbirə Məmmədova toxunulmazdır? Mən inanıram ki, hörmətli nazir Ramil Usubov və Baş prokuror Zakir Qaralov bu məsələni nəzarətə götürəcək və lazımı tədbirlər görüləcək”.

DSC_1921

Qeyd edək ki, bundan əvvəl də başqa sahibkarlar mətbuatda “Binə” Ticarət Mərkəzinin rəhbərinə qarşı dələduzluq iddiası ilə çıxış ediblər. Məsələn, bir müddət əvvəl “Report” xəbər yaymışdı ki, Xəzər rayonu, Mərdəkan qəsəbə sakini Bayram Qurbanov Xəzər Rayon Polis İdarəsinə (RPİ) müraciət edərək, K.Məmmədovanın dələduzluq yolu ilə onun 46 min ABŞ dolları pulunu ələ keçirdiyini bildirmişdi.

Başqa bir şikayətçinin bildirdiyinə görə isə, hələ 2006-cı ildə “Binə” Ticarət Mərkəzi tikildiyi zaman Kəbirə Məmmədovaya dükan almaq üçün 135 min manat verib. Lakin aradan uzun illər keçməsinə baxmayaraq, Kəbirə Məmmədova iş adamının nə pulunu, nə də dükanını verir: «Mən 2006-cı ildə şahidlərin yanında Kəbirə Məmmədovaya dükan almaq üçün 135 min manat vermişəm. Aradan 9 il keçməsinə baxmayaraq, dükanlarımı ala bilmədim. Uzun mübahisələrdən sonra Kəbirə Məmmədova mənim pulumun yarısını – 70 min manatımı qaytarıb. İndi isə, Kəbirə Məmmədova mənim yerdə qalan pulumu, yəni 65 min manatımı qaytarmaqdan imtina edir. Deyir yer verim, gedin dükanı özünüz tikin. Halbuki, mən 135 min manatı “Binə” Ticarət Mərkəzinin mərkəzində dükan almaq üçün vermişdim. Buna görə də, pulumu geri istəyirəm. Amma Kəbirə Məmmədova mənə deyir ki, sənə veriləcək pulum yoxdur. Get dərdini kimə deyirsən, de. Hətta məni hədələməkdən belə çəkinmir. Sözün düzü, mən başa düşə bilmirəm, biz hüquqi dövlətdə yaşayırıq, ya başqa bir sistemdə. Mən deyəndə ki, cənab Prezidentə, hüquq-mühafizə orqanlarına şikayət edəcəm, deyir ki, get kimə deyirsən de. Bu artıq Kəbirə Məmmədovanın dövlətə və dövlət qurumlarına meydan oxumasıdır».

Qeyd edək ki, məsələ ilə bağlı Kəbirə Məmmədovanın mövqeyini öyrənməyə cəhd etsək də, cəhdimiz uğursuz oldu. Ancaq istənilən vaxt onun, eləcə də yazıda adları çəkilən digər şəxslərin mövqeyini işıqlandırmağa hazırıq.

Məsələni diqqətdə saxlayacağıq.


213

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi