Kəlbəcər qızılını istismar edən Rusiya şirkəti qorxu içində: - Bölgəyə silah və muzdlu əsgər yığır
“Azərbaycan 112 tondan çox qızıl ehtiyatına sahib olan Dağlıq Qarabağda nəzarəti əlinə aldıqdan sonra bölgədəki qızılın 99 faizinə nəzarət edən Rusiyanın "GeoProMining Gold" şirkəti təşviş içindədir.
Milyardlarla dollarlıq qızıl ehtiyatından imtina etmək istəməyən şirkət bölgəyə çox sayıda silah və muzdlu əsgər yığmağa başlayıb. 27 sentyabr Ermənistan ordusunun hücumlarından sonra hərəkətə keçən Azərbaycan ordusu 24 gün ərzində işğal altında olan 78 yaşayış məntəqəsini azad edərək bölgənin taleyini təyin edən ən kritik şəhər olan Şuşa şəhərini də mühasirəyə alıb. Yaxın 10-15 gün ərzində Azərbaycan ordusunun böyük bir qələbə xəbərini elan edəcəyi gözlənilir. Mütəxəssislər Kəlbəcər, Laçın və Zəngilanın azad edilməsindən sonra Azərbaycanın Laçın dəhlizini tam nəzarətə götürəcəyi və Şuşanın da azad edilməsindən sonra danışıqların başlayacağını bildirir”.
Cebhe.info xəbər verir ki, bunu Türkiyənin “Yeni şafak” qəzeti yazıb.
Qəzetin yazdığına görə, Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ müxtəlif yeraltı sərvətlər - qızıl və mis mədənləri ilə zəngin bölgə kimi tanınır:
“Dağlıq Qarabağda qızıl, mis, sink və dəmir kimi qiymətli metalların 150-dən çox yatağının olduğu, bu yerlərin qanunsuz olaraq fəaliyyət göstərdiyi və məhsulların bir çox ölkəyə ixrac edildiyi məlumdur. Dağlıq Qarabağ bölgəsindəki qızıl ehtiyatlarının 112 tondan çox olduğu bildirilir. Rusiya şirkətləri Dağlıq Qarabağdakı 112 ton qızılın 99 faizini istehsal edir və dünyaya satır. Bu şirkətlərdən ən böyüyü Rusiyanın "GeoProMining Gold" şirkətidir. Azərbaycanla Ermənistan arasındakı qarşıdurmanın kəskinləşməsindən sonra şirkət təhlükəsizlik baxımından mədənlərdə istehsalı dayandırıb və işçilərini müddətsiz məzuniyyətə çıxarıb. Ancaq bölgədən əldə edilən son məlumatlara görə, Rusiya şirkəti mineral yataqları ilə zəngin olan bu bölgədən, milyardlarla dollarlıq qızıldan asanlıqla əl çəkməyəcək”.
Qəzetin yazdığına görə, uzun illərdir işğal altında olan Kəlbəcər şəhərindəki qızıl yataqlarını istismar edən şirkət çoxlu silah və muzdlu əsgər toplayaraq bölgənin tam azad olmasının qarşısını almağa çalışır. 27 ildir Azərbaycanın sahib olduğu torpaqlardan qızıl çıxararaq milyardlarla dollar qazanan şirkətin Kəlbəcər bölgəsindəki qızıl mədənlərini itirdikdən sonra böyük itki yaşayacağı gözlənilir. Həmçinin Ermənistan hökumətinin bir təmsilçisinində şirkətin idarə olunmasında iştirak etdiyi iddia edilir. Şirkətin bölgədəki qızıl mədənlərini itirdikdən sonra iflas bayrağını qaldıracağı da gözlənilir.
Digər tərəfdən, Kəlbəcər tamamilə azad edildikdən sonra Azərbaycan hökuməti qızıl mədənlərinin istismar olunması ilə bağlı tədbirlər görəcək. İşğal olunmuş Azərbaycan ərazilərində qızıl mədənlərinin istismarı və ixracı ilə bağlı hesabatların hazırlanması, beynəlxalq məhkəmələrdə müvafiq şirkətlərə qarşı yüzlərlə cinayət işi açılması gözlənilir. Azərbaycanın bu işlərdən külli miqdarda təzminat qazana biləcəyi də vurğulanır.
Bu xəbər üçün şərh yazın