Kərə yağı iki dəfə bahalaşdı
Ötən ilin iyun, iyul ayları ilə müqayisədə 2017-ci ilin müvafiq dövründə kərə yağının dünya bazarında qiymətləri 100%, yəni 2 qat artıb.
Bu barədə məlumatı Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov yazıb. O bildirib ki, dünya bazarı dedikdə Yeni Zellandiya-Avstraliya (əsas istehlakçı Yeni Zellandiyadır), Avropa və Amerika qiymətləri nəzərdə tutulur:
“Qiymətə təsir edən bu 3 bazardan Yeni Zellandiya-Avstraliyanın təsiri daha çoxdur. Belə ki, Amerika əsasən daxili bazarı təmin edir, Avropa istehsalçıları Avropa və Avropaya yaxın ölkələrə, Yeni Zellandiya-Avstraliya isə demək olar ki, əksər ölkələrə yağ ixrac edir. Qiymət artımının səbəbi isə süd istehsalında olan azalmadır. Bu, dünya bazarında süd məhsullarının 2015-ci ilin son 2 rübü və 2016-ci ilin ilk 2 rübündə aşağı olması ilə bağlıdır. Süd məhsullarının qiyməti aşağı olanda süd istehsal edən fermerlər inəklərini satırlar, sahələrini digər məhsul istehsalına uyğunlaşdırırlar. Bu proses çox xoşagəlməz haldır. Belə ki, yenidən süd istehsalına qayıtmaq bir neçə il vaxt aparır. Lakin südün tərkibində olan yağa tələbat artıb. Tələbatın artımı isə çox insanın marqarin deyilən məhsuldan imtina etməsi və təbii kərə yağı istifadəsini artırmasıdır. Bunun da birinci səbəbi alimlərin son illər apardıqları tədqiqatlardır, alimlər sübut edir ki, kərə yağı orqanizmə marqarindən daha xeyirlidir və daha az zərərlidir. İkinci səbəb isə odur ki, insanlar təbii məhsullara daha çox üstünlük verməyə başlayıblar”.
İstehsalın tələbatı tam ödəyə bilmədiyi halda qiymətlər artdığını xatırladan Eyyub Hüseynov bu artımın 2016-ci ilin avqustundan bəri başladığını bildirib:
“Ümumiyyətlə, qapalı dairə mövcuddur. Südün qiyməti aşağı düşürsə, fermer çökür, inəyi ətə çevirir, bundan sonra südün və yağın qiyməti qalxır və ya əksinə. Quru süd qiymətləri ilə bağlı vəziyyət isə belədir: Normalda yağlı və yağsız quru süd arasında qiymət fərqi hər tona görə 100-200 dollar olur. Hazırda isə yağlı quru süd yağsız quru süddən 1200 dollar bahadır. Kərə yağına tələbat yüksək olduğundan istehsalçılar daha çox yağ istehsal edirlər və yağlı süd, yağsız südə baxanda daha az miqdarda süd tozuna çevrilir. Bundan başqa, həmişə 1 ton kərə yağının qiyməti yağsız süd tozunun qiymətindən bir az baha olardı, 200-1200 dollar arası. İndi isə kərə yağının 1 tonu quru süd tozunun 1 tonundan 4400 dollar bahadır”.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın