KEYFİYYƏTSİZ XİDMƏT, ABSURD QƏRARLAR, NARAZILIQ VƏ XƏSTƏLİK MƏNBƏYİ... – Sərnişindaşımadakı xaos kimlərin maraqlarına xidmət edir?
2015-ci ilin dekabrın 21-də Prezidentin sərəncamı ilə yaradılan Bakı Nəqliyyat Agentliyi (BNA) Bakı şəhərində yol hərəkətinin təşkilində iştirak edən, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləməni və nəzarəti həyata keçirən publik hüquqi şəxsdir.
Agentliyin fəaliyyətinin əsas məqsədi Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etməkdir.
Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:
-sərnişindaşıma sahəsində nəzarəti və tənzimləməni həyata keçirir;
-yol hərəkətinin təşkilində iştirak edir;
-nəqliyyat axınının mərkəzləşdirilmiş qaydada idarə olunmasında iştirak etmək və aidiyyəti qurumlarla birlikdə nəqliyyat axınının tənzimlənməsini təmin edir;
-nəqliyyatı intellektual idarəetmə sistemini tətbiq edir;
-sərnişindaşıma sahəsinin inkişafını təmin edir.
Bəs Agentliyin fəaliyyətdə olduğu 6 il müddətində paytaxta nəqliyyatın əsas problemləri həll olunubmu?
İlk baxışdan xeyli dəyişikliklər var, kiçik tutumlu avtobuslar ictimai nəqliyyatdan yığışdıılıb, onları iri avtobuslar əvəz edib. Bir çox marşrut xətləri ləğv olunub, yaxud birləşdirilib, kart sistemi tətbiq edilib. BNA-nın saytında yer alan məlumata görə, hazırda 48 marşrut üzrə 965 avtobus kart sistemi ilə fəaliyyət göstərir.
Taxsi xidmətinə gəlincə, BNA 2016-2020-ci illərdə 42277 taksiyə fərqlənmə nişanı verib. Paytaxda hazırda cəmi 101 taksi dayanacağı fəaliyyət göstərir.
Dəyişikliklərdən biri də tariflərlə bağlıdır. İki il əvvəl BNA-nın təklifi ilə Tarif Şurası şəhərdaxili marşrutlarda gediş haqqını 20 qəpikdən 30 qəpiyə, şəhərətrafı nəqliyyatda isə 40 qəpiyə qaldırıb.
Paytaxta sərnişindaşıma ilə məşğul olan ən böyük şirkət dövlətə məxsusdur. “BakuBus” MMC Nazirlər Kabinetinin 03.04.2014-cü il tarixli qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində dövlət müəssisəsi kimi yaradılıb. Prezidentin 06 iyul 2018-ci il tarixli Fərmanı ilə Bakı Nəqliyyat Agentliyinin tabeliyinə verilib.
BNA-nın fəaliyətinə gəlincə, onu obyektiv qiymətləndirmək üçün Bakıda ictimai nəqliyyatın fəaliyyətinə diqqət etmək lazımdır. Bu gün sərnişinləri narahat edən bir neçə ciddi problemlər var:
1. Marşrut xətlərinin azalığı və həddindən artıq uzun olması. Qeyd edək ki, BNA şəhərdaxili marşrut sistemində xeyli dəyişiklər edib, nəitcədə bır sara marşrutlar ləğv edilərək başqa xətlərə birləşdirilib. Xırda sahibkarlar müxtəlif bəhanələrlə sərnişindaşımadan çıxarılıb, onların yerini məmur və ya "dost-qardaş" şirkətləri tutub.
Nəticədə sərnişindaşımada inhisar meyilləri çoxalıb, onun zərəri isə payxtat sakinlərinə dəyir. Nəqliyyat yolları yorucu və uzun olur, bu da gediş-gəlişə hədsiz vaxt sərf olunmasına gətirib çıxarır.
2. Avtobusların azlığı və onların arasında intervalın çox olması. Məntiqlə marşrut xətlərinin sayı azaldılırsa, daşıyıcı şirkətlər intensivliyi təmin etməlidirlər. Amma tamamilə əks mənzərə yaranıb. Xüsusən səhər tezdən və işdən sonra dayanacaqlarda və avtobuslarda sərnişin sıxlığına səbəb olur.
Nəticədə pandemiya rejimi kobud şəkildə pozulur, karantin qaydalarına əməl olunmur və bu da potensial virus mənbyidir.
3. Nəqliyyatın İntelektual İdarəetmə Sistemi demək olar ki, fəaliyyət göstərmir. 2011-ci ildə 100 milyon manatdan çox büdcə vəsaiti hesabına yaradılan bu sistem demək olar, sıradan çıxıb.
Avtobuslarda və dayanacaqlarda qurulan terminallar işləmir, yollardakı monitorlarda küçə prospektlərdə trafikin vəziyyəti düzgün göstərilmir. Habelə işıqforların tənzimlənməsi, sərnişin sıxlığı olan istiqamətlərə avtobusların yönləndirilməsi də həyata keçirilmir.
4. BNA-nın yaranmasından 6 il ötsə də paytaxtda hələ də parklama işi bərbad vəziyyətdədir. Agentlik mətbuata bununla bağlı qaydalar hazırlanacağın vəd etsə də heç bir iş görülməyib.
Amma şəhərin müxtəlif yerlərində bu işi qeyri-rəsmi həyata keçirən şirkətlər var. Onlar nə bələdiyyə qurumlarına, nə də Bakı şəhər İcra Hakimiyyətinə (BŞİH) hesabatlı deyillər. Ümumiyyətlə bu parklama işinin təşkili səlahiyyətləri 2 il əvvəl BŞİH-dən alınaraq BNA-ya verilib.
Qeyd olunanlardan əlavə, pandemiya rejimi ilə bağlı alınan qərarlar, o cümlədən metronun uzun müddətdir bağlanması paytaxtda sərnişindaşımada ciddi problemlər yaradıb. Avtobuslarda hədsiz sıxlıq yaranıb, bu da koronavirus infeksiyasının yayılması üçün münbit şərait deməkdir.
Habelə, taksi xidmətinə tələbatın çoxalması da şəhərdə uzun tıxacların yaranmasına gətirib çıxarıb. Hər iki hal vətəndaşların və ekspertlərin sərt tənqid ünvanı olsa da vəziyyət dəyişməyib. Bu da müəyyən iddiaların ortaya çıxmasına səbəb olub. Qeyd olunur ki, gündəlik 600-700 min sərnişin daşıyan Metropolitenin dayanması sərnişin kütləsinin əksəriyyətinin avtobus nəqliyyatından istifadəyə yönəldib. Bu da iri daşıyıcı şirkətlər üçün külli miqdarda əlavə qazanc deməkdir.
Hətta bəzi mənbələr metronun açılmamasını sərnişindaşıma ilə məşğul olan iri şirkətlərin istəyi ilə bağlı olduğunu iddia edirlər.
Hökumətdə qərarverici qurumlarda əyləşən bəzi məmurların bu şirkətlərin mənafeyindən çıxış edərək, metronun bağlı qalmasına nail olduğu bildirilir. Onların ictimaiyətə təqdim etdiyi əsaslandırmada metronun koronavirusun yayılmasına başlıca rol oynadığı qeyd olunur.
Ekspert: “Metronun bağlanması yoluxmanın azalmasına təsir etmir”
Tanınmış həkim, farmakoloq Müşfiq Hüseynov “AzPolitika.info”-ya bildirib ki, metronun pandemiyanın qarşsını almaq üçün bağlanması qərarı ilə razı deyil:
“Xatırlayırsızsa, əvvəllər pandemiya rejimində metro işləyrdi, 44 günlük Vətən savaşında bağlandı. Bunu daha çox təhlükəsizlik səbəbi ilə əlaqələndirdilər, hamı da başa düşdü. Mən də bu qərarı alqışladım, çünki ehtimal olunan terror aktları üçün metro əlverişli yerdir. Amma müharibədən sonra metro yasağı qaldırılmadı. Bu dəfə bunu pandemiya ilə əlaqələndirdilər. Hazırda avtobuslar o qədər yüklənib ki, orada sosial məsafədən, qaydaların qorunmasından söhbət gedə bilməz. Metro heç o qədər yüklənmirdi. Sadəcə olaraq metroda havalandırma sistemi yaxşı işləmədiyindən bu problem var”.
Metronun bağlanması xəstə sayına təsir edirmi?
Həkim qeyd edir ki, etmir və edə də bilməz. “Metronun bağlanması yoluxmanın qarşısını almır. Əhalinin çox olduğu yerlərində - marketlərdə, bazarlarda, avtobuslarda xüsusən havanın isti olduğu zaman maskadan düzgün istifadə olunmayacaq. Loru dildə desək, maskanı çənədə saxlamaqla inanmıram ki, virusdan qorunma mümkündür. Mən səlahiyyət sahibi olsaydım metronu açardım, amma mərhələli şəkildə.
Avtobuslarda, yollarda trafiki azaltmaq məqsədi ilə məsələn, səhər saat 8-dən-11-ə, axşam,17-dən 20-ə qədər metronun fəaliyyətini bərpa etmək olar. Bu zaman əhali nə kütləvi şəkildə metroya, nə də ictimai nəqliyyata yüklənməyəcək.
Metronun girişində polis nəzarəti həmişə var. Bu kifayətdir ki, maskasız insanları metroya buraxmasınlar. Perronda, girişdə-çıxışda spirt qoyulsun ki, vətəndaşlar əllərini dizinfeksiya edə bilsinlər. Əslində heç buna da ehtiyac yoxdur, əksər insanlar çantasında qoruyucu məhlullar gəzdirirlər”.
Elçin
/AzPolitika.info
Bu xəbər üçün şərh yazın