K.Nurullayeva Hesablama Palatasının illik hesabatı ilə bağlı rəy və təkliflərini bildirib

K.Nurullayeva Hesablama Palatasının illik hesabatı ilə bağlı rəy və təkliflərini bildirib 

Milli Məclisin deputatı Könül Nurullayeva parlamentin 13.04.2021-ci il tarixində keçirilən iclasında təqdim olunan Azərbaycan Respublikası Hesablama Palatasının illik fəaliyyətinə dair hesabat məruzəsi ilə bağlı təklif və rəylərini Milli Məclisə təqdim edib.

Faktinfo.az xəbər verir ki,millət vəkilinin sözlərinə görə “müasir tələblərə uyğun, interaktiv şəkildə tərtib edilmiş hesabatda uğurlarla yanaşı, təkliflər və bəzi nöqsanlar da diqqət cəlb edir: Bu gün koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına mənfi təsirlərinin minimuma endirilməsi üçün dövlət başçısının atdığı mühüm addımlar, qarşıya qoyulan tələblər büdcə vəsaitlərindən maksimum səmərəli və qənaətlə istifadə olunmalı olduğunu deməyə əsas verir. Bu baxımdan, millət vəkili Hesablama Palatasının üzərinə böyük məsuliyyət düşdüyünü, gələcəkdə də bu fəaliyyəti təkmilləşdirmək üçün bir çox aktual məsələlərin diqqətdə saxlanmasını təklif edib”.

K. Nurullayeva hesab edir ki, mövcud qanunvericiliyə əsasən hər hansı formada mənimsənilmiş və ya təyinatından yayındırılmış vəsait aşkar olunarsa, cavabdeh vəzifəli şəxs və ya şəxslər məsuliyyətə cəlb olunmalıdır. Həmin vəzifənin icrasından isə ilk növbədə uzaqlaşdırılmalı, itirilmiş vəsaitin geri qaytarılmasına daha çox səy göstərilməlidir. Dövlət satınalmaları, dövlət əmlakından səmərəli istifadə haqqında səslənən fikirlərə də münasibət bildirən K. Nurullayevanın qənaətincə, bunun üçün, qanunvericiliyin daha da təkmilləşdirilməsinə ehtiyac var. Satınalma prosesi isə ictimaiyyətə daha açıq olmalıdır. Şirkətlərə bu prosesdə bərabər imkanlar yaradılmalı və onlar vaxtında məlumatlandırılmalıdırlar.

K.Nurullayeva rəqəmsal alətlərdən geniş istifadə məsələsi ilə bağlı da fikirlərini bölüşüb: “Büdcə vəsaitlərinə operativ nəzarət və vaxtında reaksiya imkanları artırılmalıdır. Əgər vəsait hər hansı yolla artıq mənimsənilmiş, yaxud israf olunmuşdursa, onun geri qaytarılması, bu kimi halların profilaktikasından daha çətindir. Ona görə də mənimsəmə faktlarının azaldılması istiqamətində işlər davam etdirilməlidir”. Millət vəkili Hesablama Palatasına il ərzində daxil olan müraciətlərə də münasibət bildirib: “Ümumilikdə,  Palataya 168 müraciət daxil olmuşdur ki, onlardan da az sayda, cəmi 2-si şikayət xarakterlidir. İctimai nəzarət tədbirləri daimi və davamlı olmalıdır. Vətəndaşlar da konkret pozuntu faktları üzrə Palataya müraciət etməkdən çəkinməməlidir. Dövlət büdcəsindən ayrılan hər bir vəsaitin aktuallıq dərəcəsinə görə məhz təyinatına uyğun istifadə edilməsinə nəzarət gücləndirilməldir. Çünki maliyyə şəffaflığı ölkəmizin dayanıqlı inkişafı üçün ən əsas amillərdən biridir”.

Sonda K. Nurullayeva Hesablama Palatasının 2020-ci ildəki fəaliyyətinə dair hesabatının mövcud qanunvericiliyə uyğun hazırlandığını əsas gətirərək, sənədlə bağlı müsbət rəyini bildirib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər