Könül Nurullayeva: “Armen Sarkisyanın istefası Ermənistanı siyasi böhrandan xilas etməyəcək”
Ermənistanda siyasi xaos davam edir. Ölkə başçısı Armen Sarkisyanın istefa verməsi bunu bir daha təsdiqləyir. Maraqlıdır ki, Sarkisyan özü də etiraf edir ki, onun bu qərarı emosionallıqdan deyil, müəyyən məntiqdən irəli gəlir.
Yəni, hazırda Ermənistanda prezidentin xarici və daxili proseslərə təsir etmək üçün müəyyən səlahiyyətləri, vasitələri yoxdur. Əslində, yaranmış mənzərə 44 günlük müharibədən sonra Ermənistanda yaşanan siyasi və iqtisadi böhranın dərinləşdiyini göstərir. Prezident faktiki olaraq heç bir real alətə malik olmadan dövlətçiliyin təminatçısı olmağa məcburdur. Ermənistan formaca parlamentli respublikadır, məzmunca isə belə deyil. Sarkisyan gileylənir ki, prezident dövlətçiliyin qarantı olmalıdır, amma o, hazırda qarant deyil.
Əslində, Sarkisyanla Paşinyan arasında fikirayrılığı aydın şəkildə görünürdü. Prezident əksər taleyüklü məsələləri mətbuatdan öyrəndiyini açıq etiraf edirdi. Ötən ilin fevralında Armen Sarkisyan Baş Qərargah rəisi general-polkovnik Onik Qasparyanın istefaya göndərilməsi barədə baş nazirin qərarını dəstəkləməmişdi, ardınca isə aprel ayında seçki məcəlləsinə dəyişikliyin edilməsinə dair parlamentin qəbul etdiyi sənədi imzalamaqdan da imtina etmişdi.
Bu fikirləri deputat Könül Nurullayeva mətbuata açıqlamasında bildirib.
Hamı Sarkisyanın müharibədən sonra istefa verəcəyini gözləyirdi. Lakin sabiq prezident deyir ki, həmin vaxt daxili parçalanmanın daha da dərinləşməsindən ehtiyatlandığı, son dərəcə mənfi nəticələrə səbəb ola biləcək toqquşmalara yol verməmək üçün o vaxt bu addımı atmayıb. Amma məsələ burasındadır ki, bu gün daxli parçalanma daha kritik həddə çatıb. Faktiki cəmiyyətin gələcəklə bağlı ümidi yoxdur. Bu istefa böhranı daha da dərinləşdirəcək. Çünki böhranın kökündə Armen Sarkisyanın prezident potunda oturması dayanmırdı. Hətta bu ölkədə yeni prezident seçilsə də, dövlət başçısının səlahiyyətləri artırılsa da böhrandan xilas olmaq mümkün deyil. Əsas problem Ermənistan forpost olmasındadır. Bu ölkədə hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, hansısa qüvvələrin əlində alət kimi istifadə olunur. Bu səbəbdən Ermənistanın gələcəyi hətta bu ölkənin özündə belə nikbin proqnoz verən yoxdur. İndiki məqamda Ermənistan üçün yeganə çıxış yolu Azərbaycanın təklif etdiyi əməkdaşlıq platformasına qoşulmaq, rasional qərarlar verməkdir.
Bu xəbər üçün şərh yazın