Könül Nurullayeva AŞPA-nın komitə iclasında iştirak edib - FOTOLAR
Fransanın paytaxtı Parisdə Avropa Şurası Parlament Assambleyasının Bərabərlik və qeyri-diskriminasiya komitəsinin plenar iclası keçirilib.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Könül Nurullayeva da sentyabrın 16-da baş tutan sessiyada iştirak edərək bir sıra əhəmiyyətli mövzular üzrə fikirlər səsləndirib."Cinsi zorakılıq və münaqişə" mövzusunda fikirlərini bölüşən millət vəkili diqqəti silahlı münaqişələr zamanı cinsi zorakılıq hallarına daha çox rast gəlinməsinə yönəldib. Bu kontekstdə, müstəqilliyin ilk illərində Azərbaycan ərazilərinin işğalı zamanı yüzlərlə azərbaycanlı qadının müxtəlif cinsi zorakılıqdan əziyyət çəkdiyini xatırladıb. Silahlı münaqişənin bütün mənfi tərəflərini yaşamış ölkələrdən biri kimi Azərbaycanın da bu mövzuya həssas yanaşdığını, daim sülh tərəfdarı olduğunu və silahlı münaqişələrdə cinsi zorakılığın qarşısının alınması ilə bağlı bütün təşəbbüsləri dəstəklədiyini bildirib.
Bu problemi həll etmək üçün xüsusi mexanizmlərin yaradılması üzərində birgə fəaliyyətin əhəmiyyətini vurğulayıb."Bərabər oyun uğrunda mübarizə: idman dünyasında qadınlara qarşı ayrı-seçkiliyə son" mövzusunda da düşüncələrini bölüşən K.Nurullayeva, qadınlar və kişilər arasında maaş, rəftar, əlçatanlıq və status baxımından mövcud bərabərsizlikləri aradan qaldırmaq istiqamətində birgə səylərin önəmindən bəhs edib. Azərbaycanda qadınların idman və bədən tərbiyəsi ilə məşğul olmaq üçün bərabər hüquq və imkanlara malik olduğunu qeyd edib. Klubların gəlirlərinin böyük əksəriyyətinin sponsorluqdan əldə olunduğunu söyləyən millət vəkili sponsorluq məsələlərində şirkətlər üçün öz investisiyalarını və reklamlarını kişi və qadınlar üçün bərabər şəkildə həyata keçirmək öhdəliyi yaradan xüsusi mexanizmlərin işlənməsini təklif edib.
Deputat Könül Nurullayeva daha sonra "Rəqəmsal uçurumun bağlanması: Rəqəmsal texnologiyalara bərabər çıxışın təşviqi" mövzusunda çıxış edib. Bildirib ki, əgər cəmiyyətdə hər kəs üçün rifah istəyiriksə, rəqəmsal uçurumun məlumatlandırıcı memorandumda təsvir edilən bütün çeşidləri ilə mübarizə olduqca vacibdir. Deputat bildirib ki, Azərbaycanda rəqəmsal uçurumu azaltmaq üçün hazırda ölkə səviyyəsində"Milli elektron idarəetmə şəbəkəsinin təşəbbüsü” və “Rəqəmli Qızlar – Milli Təlim Proqramı” kimi bir çox innovativ proqramlar həyata keçirilir. K.Nurullayeva, həmçinin "Gender əsaslı zorakılığın dayandırılmasında kişilərin və oğlanların rolu" mövzusunda fikirlərini bölüşüb. Təəssüflə qeyd edib ki, gender əsaslı zorakılıq dünyada ən çox yayılmış insan hüquqları pozuntularından biridir. "Kişi və oğlanların gender əsaslı zorakılığa qarşı mübarizəyə cəlb edilməsi bu problemin həlli üçün effektiv həll variantı ola bilər", - deyə o əlavə edib.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın