Könül Nurullayeva: “Azərbaycan gəncləri milli ideya ətrafında birləşib”

Könül Nurullayeva: “Azərbaycan gəncləri milli ideya ətrafında birləşib” 

“Azərbaycanda gənclər siyasətinin əsas istiqamətlərindən biri gənclərin vətənpərvərlik tərbiyəsidir.

  

Əslində vətənpərvərlik həm də ölkənin gələcəyi, mümkün neqativ hallara qarşı mübarizədir”. Bunu Moskva şəhərində Gənc Parlamentarilərin Forumu çərçivəsində “Zamanın reallıqlarında milli sağlamlıq: gəncliyin gündəliyi” mövzusunda diskussiya panelinə onlayn formatda qatılan deputat Könül Nurullayeva deyib.

Deputat qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpasında xidmətləri olan, Vətən uğrunda canından keçənlərin əksəriyyəti gənc nəslin nümayəndələri idi. Bütün bunlar vətənpərvərlik ruhunda tərbiyə olunan gənclərin formalaşmasına xidmət edən düzgün dövlət siyasətinin göstəricisidir: “Bu gün Azərbaycan gəncliyi həm də işğaldan azad edilmiş torpaqların bərpasında ön sıralardadır. Bütün bunlar gənclərin milli ideya ətrafında birləşməsində, ölkənin imicinin möhkəmlənməsində, sağlam cəmiyyətin formalaşmasında həlledici rol oynayır.”

Müasir dövrdə gənc nəslin həyatında yeni texnologiyaların böyük yer tutduğunu deyən Könül Nurullayeva Azərbaycanda gənclərin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsinə böyük əhəmiyyət verildiyini diqqətə çatdırıb: “Azərbaycan hökuməti gənclər arasında rəqəmsal bacarıqların inkişafına, rəqəmsal iqtisadiyyatda innovasiya, sahibkarlıq və iş yerlərinin yaradılması üçün əlverişli mühitin yaradılmasına diqqət yetirir.”

Əhalinin sağlamlığının qorunması və möhkəmləndirilməsi, sağlam həyat tərzinin təbliğinin daim Prezident İlham Əliyevin diqqətində olduğunu deyən Könül Nurullayeva, gənclər arasında bədən tərbiyəsi və idmanın populyarlaşması üçün görülən tədbirlərdən danışıb: “Ölkəmizdə gənclərin ictimai fəallığının, dövlət idarəçiliyində iştirakının stimullaşdırılması, gənc ailələrin problemlərinin həlli və digər məsəslələri nəzərdə tutan “Azərbaycan Gəncliyi” Dövlət Proqramı qəbul edilib və uğurla həyata keçirilir. Gənc alimlərin fəaliyyətinin inkişafı istiqamətində səmərəli tədbirlər reallaşdırılır. Respublikanın paytaxt və rayonlarında gənclər mərkəzləri fəaliyyət göstərir”.

Deputat Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun və onun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) sədri Leyla Əliyevanın Azərbaycanın gənclər hərəkatının inkişafına verdiyi töhfələrə diqqət çəkib, ölkəmizin gənclər siyasətinin əsas istiqamətləri barədə danışıb.

K.Nurullayeva həmçinin Azərbaycanda könüllülük hərəkatı, gənc nəslin könüllülük fəaliyyətinə cəlb edilməsinə toxunub. Bildirib ki, respublikada könüllülər hərəkatının güclənməsinə “Eurovision” mahnı müsabiqəsi, ilk Avropa Oyunları və İslam Oyunları kimi nüfuzlu tədbirlərin Bakıda keçirilməsi şərait yaradıb.

Qeyd edək ki, Moskva şəhərində Gənc Parlamentarilərin Forumu çərçivəsində gənclərin iştirakçılığının müxtəlif istiqamətlərinə həsr olunmuş diskussiya panelləri keçirilib. Hibrid formatda keçirilən diskussiya panellərində Milli Məclisin deputatları Emin Hacıyev (MDB-yə üzv ölkələrin Gənclər Parlamentlərarası Assambleyasının koordinatoru), Nigar Arpadarai və Könül Nurullayeva iştirak ediblər, müzakirə olunan mövzularla bağlı fikirlərini səsləndiriblər.


Könül Nurullayeva: “Azərbaycan gəncləri milli ideya ətrafında birləşib”Könül Nurullayeva: “Azərbaycan gəncləri milli ideya ətrafında birləşib”
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi