Könül Nurullayeva: “Ermənistanın saxta soyqırım iddiaları qlobal miqyasda rədd olunmalıdır”
Ermənilər bir əsrdən çoxdur, saxta soyqırım iddialarından əl çəkmirlər. Bu saxta tarix ətrafında mif yaratma ənənələrini davam etdirirlər. Bu illər ərzində saxta iddialar ətrafında siyasi manipulyasiyaların, bu iddiadan siyasi təzyiq vasitəsi kimi istifadə olunduğunun şahidiyik.
Məsələ burasındadır ki, bununla bağlı qətnamə və bəyanat qəbul edən dövlətlərin nümayəndələri heç vaxt bu barədə nə Türkiyədə, nə də digər arxivlərdə araşdırma aparmayıb. Məsələyə siyasi nöqteyi-nəzərdən yanaşaraq, ermənipərəst mövqedən çıxış edərək, siyasi motivli qərəzli və ədalətsiz qərarı rəsmiləşdiriblər. Bu isə bütün qonşularına ərazi iddiası olan Ermənistanın saxta iddialarının coğrafiyasını genişləndirməsi üçün zəmin yaradıb. Çünki dünya uydurmaya inanmaq məcburiyyətində deyil.
Ümumiyyətlə, hər il aprelin 24-ü öncəsi bu mövzu ətrafında bir ajiotaj müşahidə olunur. Erməni lobbisi təmsil olunduğu ölkələrdə fəaliyyətə keçir, bu saxta tarix ətrafında siyasi şou düzənləyirlər. Lakin heç kim məsələnin tarixi aspektdən şərh olunmasını gündəmə gətirmir. Yalnız Türkiyə hər zaman arxivlərin açılmasının tərəfdarı olub. Ermənistan isə tarixi faktların üzə çıxmasında maraqlı deyil. Çünki bu soyqırım iddialarının saxta olduğunu təsdiqləyən faktlar kifayət qədərdir. Bu səbəbdən Ermənistan Türkiyənin adekvat təklifini qəbul etməkdən boyun qaçırır.
Ermənistanın əsas məqsədi Amerika Birləşmiş Ştatları prezidentinin “soyqırım” ifadəsini işlətməsinə nail olmaqdı. Bu vaxta qədər heç bir ABŞ prezidenti “soyqırım” ifadəsini səsləndirməyib. Maraqlıdır ki, ABŞ-ın 49 ştatı qondarma soyqırımı tanıyıb. Lakin Ermənistan tərəfi ABŞ Federal Hökumətinin də bu saxta tarixi tanımasına can atır. ABŞ-ın yeni prezidenti Co Baydenin qondarma soyqırımla bağlı səsləndirəcəyi müraciətdə bu üzdəniraq ifadədən istifadə edəcəyi ehtimal olunur.
Əslində, C.Baydenin qondarma soyqırım deməsi ABŞ-ın Türkiyə və Azərbaycanla əlaqələrinə ciddi zərbə vura bilər. Bu məsələyə artıq Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev də münasibət bildirib. Rəsmi Bakının mövqeyi bundan ibarətdir ki, qondarma erməni soyqırımının tanınması tarixi saxtalaşdırmaqdır. Odur ki, bu hal baş verəcəyi təqdirdə, Azərbaycan qəti şəkildə onu qınayacaq. Çünki söhbət qardaş Türkiyəyə qarşı atılacaq addımdan gedir. Erməni məsələsinə qarşı isə təbii ki, Azərbaycan və Türkiyənin mövqeyi vahiddir.
Amma dünya da məsələyə ədalətli yanaşmalıdır. Ermənistanın saxta soyqırım iddiaları qlobal miqyasda rədd olunmalıdır.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın