Könül Nurullayeva: “Jirinovski kimi üzdəniraq ünsürlərə öz yerini göstərmək lazımdır”
Rusiya Liberal Demokrat Partiyasının sədri, Rusiya Dövlət Dumasının üzvü Vladimir Jirinovski heç vaxt siyasətdə ciddi firuq kimi qəbul olunmur.
Hər zaman ziddiyyətli, absurd bəyanatlarla çıxış edən, təhqir və böhtandan çəkinməyən Vladimir Volfoviç hətta iştirak etdiyi siyasi tok-şoularda belə gülüş obyektinə çevrilir, aparıcı və digər qonaqlar tərəfindən sözün həqiqi mənasında ələ salınır. Təsadüfi deyil ki, Rusiya Prezidentinin onun aqressiv bəyanatlarına münasibət bildirərkən “gözəl alovlanır” söyləməsi Jirinovskinin siyasətçidən daha çox, şoumen və təlxək kimi qəbul olunduğunu bir daha təsdiqləyir. Onun səsləndirdiyi bəyanatlar elə öz ölkəsində hər zaman 1 aprel zarafafı kimi qəbul olunur. Aqressiyası və şovinist mövqeyilə liberallıqdan, ədəbsiz davranışları, “neqativ azadlığı” ilə demokratiyadan uzaq olan 75 yaşlı qoca haqqında Dumadakı həmkarları “yaşlandıqca daha çox tərbiyəsiz uşağa çevrilir”, “uşaq nə qədər əylənir əylənsin, təki ağlamasın” kimi ifadələr səsləndirirlər.
Faktinfo.az xəbər verir ki,bu sözləri deputat Könül Nurullayeva Jirinovskinin ölkəmizlə bağlı destruktiv açıqlamasına münasibətində söyləyib.
Deputat xanım onu da bildirib ki,yersiz və aqressiv emosiyaları, arqumentsiz çıxışlarına görə siyasətçidən daha çox lətifə personajına çevrilən Jirinovskinin sərsəmlərilə bağlı sonradan “fikirlərim düz başa düşülməyib” kimi özünümüdafiə cəhdlərini də çox görmüşük. Onun Azərbaycanla, Cənuni Qafqazla bağlı da təzadlı fikirləri az deyil. Bu dəfə “Komsomolskaya Pravda” Radiosuna açıqlamasında guya rus hərbçisinin “vəkili” qismində çıxış edərək, Azərbaycan rəhbərliyinə xitab etməklə isə həddini aşıb. O, Cənubi Qafqazın 200 ildir Rusiyanın təsir zonası olduğunu xatırladanda, yüksək səviyyəli Bakı-Moskva münasibətlərini, Azərbaycanın regionun lokomativi olduğunu, 44 günlük Vətən Müharibəsində Azərbaycanın qazandığı böyük Qələbəni də unutmamalı idi. 30 il siyasətdə olan birinin bu səhvi etməsi təbii ki, qəbul oluna bilməz. Çünki Azərbaycanın nüfuzu, bölgədə və beynəlxalq platformalardakı statusu hər kəsə, o cümlədən qonşu ölkənin parlament təmsilçisi və partiya sədrinə yaxşı məlumdur.
Məsələ burasındadır ki, 30 illik işğala 44 gün ərzində son qoyan Azərbaycanın yaratdığı yeni reallıqlar qonşu Rusiya tərəfindən də müsbət qarşılanır. Rusiyada rassional düşüncəyə malik siyasətçilər münaqişənin həllindən sonra, yeni mərhələdə də hər iki dövlətin maraqlarına uyğun münasibətlərin daha da möhkəmləndirilməsinin tərəfdarıdır. 30 ildir siyasətdə olan, lakin siyasətçi ola bilməyən jirinovskilərin bu reallığı gözardı etməsi, destruktiv mövqe sərgiləməsi təbii ki, reallığı dəyişmir. Sadəcə, bu cür üzdəniraq ünsürlərə öz yerini göstərmək, səsləndirdiyi hər ifadənin məsuliyyətini dərk etməsini xatırlatmaq lazımdır
Bu xəbər üçün şərh yazın