Könül Nurullayeva “Konya 2021” 5-ci İslam Həmrəyliyi Oyunlarının uğurlu təşkili istiqamətində təkliflər irəli sürüb - FOTO
İHİF-in İcraiyyə Şurasının və Nəzarət və Koordinasiya Komitəsinin üzvü olan Könül Nurullayeva “Konya 2021” 5-ci İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsi ilə birgə yarışların keçiriləcəyi şəhərdə hazırlıqların gedişatı ilə tanışlıq məqsədilə təşkil olunan toplantıda iştirak edib.
Görüş zamanı ən son hazırlıq işləri, gedişat hesabatı, yarışların keçiriləcəyi məkanlar və təsislərlə bağlı hazırkı vəziyyət və s. bu kimi məsələlər müzakirə olunub. K.Nurullayeva da Bakıda keçirilən möhtəşəm oyunlarla bağlı təcrübələrini bölüşərək, Konyadakı oyunların uğurlu təşkili istiqamətində təkliflərini irəli sürüb.
Qeyd edək ki, İHİF-in Birinci Vitse-prezidenti, Nəzarət və Koordinasiya Komitəsinin rəhbəri Hamad Kalkaba Malboum, İHİF-in Texniki işlər üzrə başçısı Əşrəf Dahrouq, Tunis Milli Olimpiya Komitəsinin keçmiş Prezidenti Mohommed Adel Zahra, Dünya Kamandan Oxatma Federasiyasının Vitse-prezidenti Kazi Racib Uddin Çapol, Türkiyənin gənclər və idman nazirinin müavini Halis Yunus Ərsöz, Nazirliyin səlahiyyətli şəxsləri, Konya Böyükşəhər Bələdiyyəsinin başqanı Uğur İbrahim Altay, Türkiyə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Nihat Usta, o cümlədən MOK və Təşkilat Komitəsinin nümayəndələri görüşdə iştirak edənlər arasındadır.
Hazırda görüşlər davam etməkdədir.
Bu xəbər üçün şərh yazın