Könül Nurullayeva Türkiyə mətbuatına açıqlamasında saxta soyqırımın siyasiləşdirilməsini pisləyib

Könül Nurullayeva Türkiyə mətbuatına açıqlamasında saxta soyqırımın siyasiləşdirilməsini pisləyib 

“Sözdə soyqırımı tanıyanlar Türkiyənin müstəqil siyasətini həzm edə bilməyənlərdir. 106 il əvvəl baş verən hadisələrin araşdırılmasına səy göstərməyənlər, tarixi faktları görmək və eşitmək istəməyənlər bu gün saxta “soyqırım”ı tanımaqla ədalətsiz və ikili standartlar siyasəti sərgiləyirlər.”

Faktinfo.az xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı Könül Nurullayevanın Türkiyənin nüfuzlu mətbuat orqanlarından biri - haberturk.com saytına açıqlamasında yer alıb. (https://www.haberturk.com/gonul-nurulleyeva-abd-baskaninin-sozunun-yasal-gucu-yoktur-3052220


Millət vəkili qeyd edib ki, ABŞ prezidenti Co Baydenin “soyqırım” sözcüyünü işlətməsi 1915-ci il hadisələrini siyasiləşdirmək cəhdidir. Bununla faktiki dünyanın fövqəlgücü tərəfindən tarixi həqiqətlərin təhrif olunduğunu görürük: “Təəssüf ki,  100 il əvvəl baş verən olayları təhrif edənlər 29 il əvvəl məhz terrorçu Ermənistan tərəfindən Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımı, eləcə də  vaxtı ilə erməni millətçilərinin Mərkəzi Anadoluda törətdikləri qətlləri görmək istəmirlər. Bu məsələləri araşdırmaqda, həqiqəti olduğu kimi söyləməkdə, faktlara hüquqi qiymət verməkdə maraqlı görünmürlər. Bu gün açıq şəkildə tarixin saxtalaşdırılaraq,  siyasi məqsədlər üçün istifadə edildiyinin şahidiyik. ABŞ prezidentinə öz tarixinə və bu gününə baxmasını tövsiyə edənlər, əlbəttə ki, haqlıdırlar.
Amma Baydenin bu bəyanatı nəyisə dəyişəcəkmi? 

Öncə onu qeyd etməliyik ki, bu, uzun illər ərzində erməni lobbisinin böyük maliyyə vəsaiti sərf edərək aparılan lobbizmin nəticəsidir. O da faktdır ki, ABŞ administrasiyası və Konqresdə erməni lobbisinin təsirində və maliyyə asılılığında olan çoxlu sayda rəsmilər var. Amma Bayden bu bəyanatla əslində regionda nəqliyyat dəhlizləri və sərhədlərin açılması kimi layihələrə ciddi zərbə vurmuş oldu.”
K.Nurullayeva həmçinin qeyd edib ki, Ermənistan üçün hava və su kimi lazım olan Türkiyə-Ermənistan sərhədinin açılması məsələsi də artıq arxa plana keçib. Beləliklə, Ermənistan regionda təklənməkdə davam edir. 


Azərbaycanın qardaş Türkiyəyə dəstəyini də vurğulayan K.Nurullayeva bildirib ki, hər zaman olduğu kimi, bu məsələdə də Azərbaycan qardaş Türkiyənin yanındadır: “Prezident İlham Əliyevin cənab Ərdoğanla telefon danışığı zamanı da birmənalı dəstək ifadə olunub.  Liderlərin söhbət zamanı vurğuladıqları kimi, Baydenin bu bəyanatı regionda yaranmaqda olan əməkdaşlıq meyillərinə ciddi zərər vurur. Bu isə bir daha göstərir ki, regionda sabitlik və əməkdaşlıq, dayanıqlı sülhün bərqərar olmasında maraqlı olmayan qüvvələr var. Rəsmi Ankara haqlı olaraq bəyan edib ki, kəlmələr tarixi dəyişdirə bilməz, yenidən yaza bilməz. Tarixi dəyişmək mümkün deyil. Bu gün biz ABŞ-ın timsalında siyasi fürsətçiliyin sülh və ədalətə qarşı ən böyük xəyanət olduğunu görürük.
Reallıqda isə heç nə dəyişməyəcək. ABŞ prezidentinin sözü beynəlxalq məhkəmə deyil. Heç bir hüquqi gücə malik deyil. Verilmiş çoxsaylı bəyanatlardan biridir”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi