Koronavirus reallığı: 6 milyonumuz xəstələnməsə,ümumi immunitet yaranmasa...
İndiyədək ölkədə ümumilikdə 401 828 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.
Xəstə sayının hər keçən gün artmasına baxmayaraq, Operativ Qərargah sərt karantinə keçilməyəcəyini anons edib ki, bu da bəzi iddialara səbəb olub. Bildirilir ki, hökumət sərt məhdudiyyətlərə o səbəbdən getmir ki, həm vaksinasiya, həm də kütləvi xəstəliklə immunitet yaransın.
Müxtəlif modellərə görə, kollektiv immunitet əhalinin 60-80 faizi onu əldə etdikdə formalaşır. Yəni cəmiyyətin özünü təhlükəsiz hiss etməsi üçün azərbaycanlıların 6-8 milyonu immunitet əldə etməlidir. Koronavirus testləri ilə bağlı müəmma da var. Bəzi hallarda xəstəni sağlam kimi göstərir və ya əksinə. Bu hansı hallarda mümkündür? Mövzu ilə bağlı həkim-mütəxəssislərin fikrini öyrəndik.
Həkim-infeksionist Gülnarə Əhmədova deyib ki, PCR testindən cavab səhv çıxa bilməz: “Test o zaman səhv çıxır ki, bəzən xəstələr boğazını perekislə təmizləyir, ondan sonra test verməyə gedir. Bu zaman səhv çıxa bilər. Bir də virusun burunda, boğazda qalma müddəti var. O müddət keçəndən sonra virus orada tapılmaya bilər. Ona görə həkimə müraciət etmək lazımdır ki, bilsin xəstəliyin neçənci günüdür və düzgün müalicə yazılsın”.
G.Əhmədova hökumətin qapanmalara gedilməməsi məsələsinə də fikir bildirib: “Mən əvvəldən də demişdim, bütün insanları buraxmaq lazımdır, hamı xəstələnməlidir. Onda immunitet yaranacaq. Sərt qapanmalara getməklə heç nə əldə olunmayacaq, bu, mübarizə üsulu deyil. Yəni həm təbii immunitet yaranır, həm də insanlar peyvənd olunmağa cəlb olunur. Bu formada virusla mübarizə aparmaq daha məqsədəuyğundur”.
G.Əhmədova əlavə edib ki, insanlar yenə də simptom olan zaman məsuliyyətsiz yanaşır: “Son günlər xəstələr gəlir, deyirlər ki, onlarda korona deyil, sadəcə, soyuqdəymədir. İnadkarlıq edirlər, analiz vermək istəmirlər. Ona görə də səhv nəticələr olur. Ilkin simptomlar başlayanda ”yaxma" götürülməlidir. Xəstə gözləyir, bir həftə keçəndən sonra ətrafdaklar məcbur edəndən sonra test verməyə gedir, bu zaman da nəticə səhv çıxır. Əksəriyyət hesab edir ki, onlarda soyuqdəymədir. Ağırlaşmalar da ona görə olur. Biri də gəlir ki, “qarnım pozulub”. Deyirsən, bu koronanın simptomudur, deyir “yox, yüz dəfə belə olmuşam”. Elə xəstələr də var ki, peyvəndin 5-ci ayı tamam olub, yoluxublar. Ona görə də qorunmaq lazımdır, yoluxub sağalanlar da, peyvənd olunanlar da özlərini qorumalıdırlar".
Faktinfo.az
Bu xəbər üçün şərh yazın