KTMT-nin Qazaxıstana göndərəcəyi sülhməramlılarının funksiyası açıqlanıb
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qazaxıstana göndərəcəyi sülhməramlılar ölkədə qayda-qanunun yaradılmasında deyil, hərbi strukturların və dövlət əhəmiyyətli başqa obyektlərin mühafizəsində iştirak edəcəklər.
Report.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə komitəsinin başçısı Leonid Kalaşnikov məlumat verib.
KTMT-nin qərargahından isə bildirilib ki, quruma üzv dövlətlərin liderləri Qazaxıstanda göndəriləcək sülhməramlıların tərkibini, strukturunu və sayını müəyyənləşdirəcək.
Qeyd edək ki, KTMT-yə Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğız Respublikası və Tacikistan daxildir.
Xatırladaq ki, Qazaxıstanda etiraz aksiyaları yanvarın 2-də Janaozen və Aktau şəhərlərində başlayıb. Şəhər sakinləri maye qazın ikiqat bahalaşmasına etiraz olaraq küçələrə çıxıblar.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın