Kür çayına körpə balıqlar buraxıldı - Foto
Tovuz rayonunda xüsusi müəssisələrdə yetişdirilmiş balıq körpələri Kür çayına buraxılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, çəkisi 100 qramadək olan minlərlə balıq körpəsi xüsusi avadanlıqlar vasitəsi ilə çaya ötürülüb.
Qeyd edək ki, 2019-cu ilin sonunadək, ümumilikdə 400 minədək balıq körpəsinin Kür çayına buraxılması planlaşdırılır. Məqsəd ölkənin təbii su hövzələrində balıq populyasiyasını tənzimləmək, balıq məhsullarının əhalinin təlabatına uyğunlaşdırılmasına dəstək vermək və balıq ehtiyatlarının qorunmasının zəruriliyini təşviq etməkdir.
ETSN vətəndaşlara müraciət edir ki, balıq ehtiyatlarının qorunmasında, qadağan olunmuş vaxtlarda və qadağan olunmuş üsullarla balıq ovunun qarşısının alınmasında yaxından iştirak etsinlər, min bir əziyyətlə yetişdirilmış balıq körpələrinin su hövzələrində böyüyüb təbiətimizə, insanlara fayda verməsi üçün həyata keçirilən mühafizə tədbirlərinə, sivil qaydalarla balıq ovlanmasının təbliğinə və təşviqinə dəstək versinlər.
Bu xəbər üçün şərh yazın