Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəhbərliyi musiqi müəlliminin qızını məktəbdən çıxartdırıb - QALMAQAL
İmişli rayonunda yerləşən Uşaq musiqi məktəbinin müəllimi Kürdəmir Regional Mədəniyyət İdarəsindən şikayətçidir.
Bununla bağlı Oxu.Az-a müraciət edən məktəbin müəllimi Röya Şirinova bildirib ki, Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəhbərliyi təhsil müəssisəsində əsassız yoxlamalar aparır:
"İdarə rəhbərliyi biz müəllimlərlə kobud rəftar edir, istədiyi vaxt, istədiyi kimi məktəbə daxil olaraq, tələblər irəli sürür. Dəfələrlə bununla əlaqədar müraciət etsək də, heç bir addımın şahidi olmadıq. Hətta mənim musiqi məktəbində təhsil alan qızımı da əsassız şəkildə məktəbdən uzaqlaşdırıblar. Məsələnin konkret mənim etirazlarımla əlaqədar olduğunu düşünürəm. Çünki ötən il də idarə rəhbərliyinin bizimlə kobud rəftarı, uşaqların içərisində aşağılaması haqqında etirazımı bildirmişdim. Bundan sonra qızımı məktəbdən uzaqlaşdırdılar və qeyd etdilər ki, bu, Kürdəmir Regional Mədəniyyət İdarəsinin birbaşa rəhbərinin tapşırığıdır.
Ötən il “Şuşa ili” ilə, bu il isə “Heydər Əliyev ili” ilə əlaqədar çoxsaylı tədbirlər, müsabiqələr keçirildi. İmişli Uşaq musiqi məktəbinin üzərinə qoyulan yük və tələblər ağırdır, hansı ki, digər musiqi məktəbləri ilə əlaqədar bu qədər ciddi tələblər görmürük. Tədbirlərə hazırlıq prosesində idarə rəhbərliyinin müəllimlərlə kobud rəftarı, bizi uşaqların qarşısında danlaması, alçaltması isə onlar üçün adi hala çevrilib. Bu məsələ haqqında ölçü götürülməsini xahiş edirəm”.
Müəllimin müraciəti ilə əlaqədar Mədəniyyət Nazirliyinə sorğu ünvanlanıb. Nazirliyin açıqlamasında qeyd edilib ki, məsələ araşdırılır və nəticə haqqında müvafiq açıqlama veriləcək.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın