“Laçın dəhlizində sülhməramlılarla yanaşı, Azərbaycan sərhədçiləri də dayanmalıdır“ — Sabiq nazir
Fransız jurnalistlərdən ibarət nümayəndə heyəti Qarabağa səfər etmək üçün Ermənistana müraciət edib.
Ermənistanın razılığından sonra Xankəndinə getməyə cəhd edən jurnalistlər Laçın rayonu ilə sərhəd məntəqəsində Rusiya sülhməramlıları tərəfindən saxlanılaraq geri qaytarılıb.
Bu hadisədən sonra sülhməramlı kontingentin komandiri Rüstəm Muradov Ermənistan müdafiə naziri Vaqarşak Arutyunyana məktub yollayıb. O, bu məktubda yalnız Ermənistan və Rusiya vətəndaşlarının Laçın dəhlizindən keçərək Ermənistandan Qarabağa gedə biləcəyini, digər ölkə vətəndaşlarının Azərbaycandan icazə almalı olduğunu qeyd edib.
Maraqlıdır, Ermənistan və Rusiya vətəndaşlarının Azərbaycanın icazəsi olmadan Qarabağa gəlməsi suverinliyimizi təhdid etmir?
Sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov Yenisabah.az-a açıqlamasında bu məsələlərə çoxdan aydınlıq gətirilməli olduğunu vurğulayıb:
“Laçında sülhməramlılarla yanaşı bizim sərhədçilərimiz dayanmalıdır. Bizdə MDB çərçivəsində hüquqi sənəd var. Bu sənədə əsasən, MDB ölkələri arasında vizasız rejim tətbiq olunur. Doğrudan da, Rusiya vətəndaşları üçün vizasız gediş-gəliş mümkündür. Amma Ermənistana aid xüsusi düzəliş var. Orada göstərilib ki, vizasız rejim münaqişə həll olunandan sonra tətbiq oluna bilər. Bu baxımdan Ermənistanın vətəndaşlarını bizim ərazimizə gəlməsi təbii ki, qanunla nizamlanmalıdır. Bu qərarı sülhməramlıların nümayəndəsi yox, Azərbaycan idarə etməlidir”.
Politoloq sülhməramlı kontingentinin komandiri Rustam Muradovun məktubunun münaqişə tərəflərinə ünvanlanan xüsusi mesaj olmadığını diqqətə çatdırıb:
“Bu, sadəcə məktub şəklində Ermənistana göndərilib. Müzakirələr aparılmalıdır. Birdəfəlik məsələ həll olunmalıdır. Orada sərhəd kontrolunu Azərbaycan sərhədçiləri keçirməlidir, başqa hansısa xüsusi şərait yaratmağa ehtiyac yoxdur”.
Bu xəbər üçün şərh yazın