Lənkəran və Tovuz rayonları yoxsulluq üzrə liderdir - Rəsmi
Lənkəran və Tovuz rayonlarında ölkə üzrə məcburi köçkünlərdən daha çox ailə ünvanlı dövlət sosial yardımı alır.
Lənkəran rayonunda gəlirləri yoxsulluq səviyyəsindən aşağı olan 3285, Tovuz rayonunda isə 3239 ailə ünvanlı dövlət sosial yardımı alır. Erməni işğalından azad edilən rayonlarda ailələrin sayı ilə bağlı oxşar məlumat yoxdur.
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən Turan.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ünvanlı dövlət sosial yardımı ailənin faktiki ünvanına görə müəyyən edilir. “Ünvanlı dövlət sosial yardımı üçün müraciət etmiş ailənin maddi vəziyyətinin yoxlanılması faktiki yaşadığı ünvanda aparılır.
Bu səbəblə ünvanlı dövlət sosial yardımı haqqında qanuna uyğun olaraq müraciət edən təmsilçi şəxslər elektron formada ərizə-bəyannaməni doldurarkən faktiki yaşadigi ünvanı qeyd etməlidir. Ünvanlı dövlət sosial yardımı sahəsində şəffaflığın qorunması məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi saytında ünvanlı dövlət sosial yardımı alanların siyahısı açıqlanıb. Həmin siyahıda Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı, Cəbrayıl, Şuşa, Xankəndi, Xocalı, Xocavənd rayonları üzrə məlumatların olmamasının səbəbi həmin rayonlarda faktiki yaşayışın olmamasıdır. Belə ki, həmin rayonlar üzrə qeydiyyatda olan şəxslər digər şəhər və rayonlarda məskunlaşıb. Yuxarıda da qeyd etdiyimiz kimi vətəndaşlar yardıma müraciət edərkən faktiki yaşadığı ünvanı qeyd edirlər. Həmçinin qeyd edək ki, statistik məlumatlara əsasən qeydiyyat ünvanları yuxarıda adları sadalanan rayonlar olan və ünvanlı dövlət sosial yardımı ailələrin sayı 3000-dən çoxdur.
"Turan"ın məlumatına görə, bu il yanvarın 11-nə hər ailə üzvünə aylıq gəliri 200 manatdan az olan 59 520 ailəyə ünvanlı dövlət sosial yardımı almaq hüququ verilib. İctimaiyyətə açıq olan reyestrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dövlət büdcəsindən bu maddi yardımı alan ailə üzvlərinin sayı barədə məlumat vermir.
Reyestrə əsasən, Bakı şəhərinin 12 rayonu üzrə 11 947 ailəyə ünvanlı dövlət sosial yardımı verilir. Yoxsulluğun ən xarakterik aşağı səviyyəsi Balakən (37 ailə), Oğuz (99), Qax (76), Qobustan (26), Xızı (40), Zərdab (40) rayonlarında və Naftalan şəhərində (83) qeydə alınıb.
Ünvanlı dövlət sosial yardımı 12 ay müddətinə təyin edilir. 2023-cü ilin yanvar ayından ünvanlı dövlət sosial yardımı almaq üçün ehtiyac meyarı yaşayış minimumuna - 246 manata bərabərləşdirilib. Hökumət bu il bir ailəyə düşən bu yardımın orta məbləğinin 36% artaraq ayda 535 manat təşkil edəcəyini gözləyir.
Bu xəbər üçün şərh yazın