Lənkəranın telefon rabitəsində problem yaranıb:"Aylıq ödəniş edən 400 abonentin telefonu işləmir"
Lənkəran rayonunun Mikrorayon ərazisində yaşayan sakinlərin yanvar ayının 27-dən etibarən şəhərdaxili telefon rabitəsində problem yaranıb.
Aylıq ödəniş etməklərinə baxmayaraq, həmin sakinlərin telefon rabitəsi hələ də bərpa olunmayıb. Nəticədə 400-ə yaxın abonent şəhərdaxili telefondan istifadə edə bilmir.
Lənkəran Telekommunikasiya Qovşağından isə məsələnin texniki problemlə bağlı olduğu bildirilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” MMC-dən “APA-Economics”ə verilən məlumata görə, gələn həftənin bazar ertəsi bu problem həllini tapacaq.
“Telefon rabitəsindən yaranan problem texniki məsələlər ilə bağlıdır. Bildiyiniz kimi bizim böyük xətt şəbəkəmiz var və hal-hazırda köhnə nəsil avadanlıqların hamısı yeni texnologiyaları dəstəkləyən avadanlıqlarla əvəz olunur. Müvəqqəti narahatlığa görə, həmin abunəçilərdən də üzr istəyirik. Xidmətin göstərilmədiyi vaxtlara görə isə həmin abunəçilərə güzəştlər ediləcək. Hal-hazırda əməkdaşlarımız yaranmış problemin aradan qaldırılması üçün çalışırlar”, – deyə “Aztelekom” MMC-dən bildirilib./Apa/
Bu xəbər üçün şərh yazın