Liviya hökuməti Həftarla barış şərtlərini açıqlayıb – “Sirt hərbsizləşdirilməlidir”

Liviya hökuməti Həftarla barış şərtlərini açıqlayıb – “Sirt hərbsizləşdirilməlidir” 

Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən tanınmış Liviya Milli Razılıq Hökuməti (MRH) barışa hazır olduğunu elan edib. Bu barədə Türkiyənin «Anadolu» dövlət informasiya agentliyi xəbər verib.

Bu zaman Liviya MRH-nin başçısı Faiz Sərac üsyançı marşal Xəlifə Həftarın nəzarəti altında olan Sirt şəhərinin hərbsizləşdirilməsinə çağırıb. Səracın sözlərinə görə, döyüş əməliyyatlarının dayandırılması rejimi Sirtin hərbsizləşdirilməsindən sonra qüvvəyə minəcək.

Aydındır ki, «hərbsizləşdirmə» adı altında Həftar ordusunun bu böyük yaşayış məntəqəsindən tam çıxarılması başa düşülür. Sirt şəhəri paytaxt Tripolinin 450 kilometrliyində (Şərqə doğru) yerləşir.

Bundan əvvəl Liviya MRH Müdafiə Nazirliyi bəyan edib ki, Misir prezidenti Abdül Fəttah əs-Sisinin xəbərdarlığına baxmayaraq, Sirtin Həftar qüvvələrindən azad edilməsi istiqamətində addımlar atılmasını davam etdirəcək. Əs-Sisi elan edib ki, Sirtin Liviya MRH tərəfindən tutulması Qahirə üçün «qırmızı xətt» təşkil edir.

«Heç bir qırmızı xətt bizim Sirtə hücum edən qüvvələrimizə mane ola bilməz. MRH qüvvələri Sirtin qapıları ağzındadır və onun azad olunması prosesi gecikməyəcək. Bizim qüvvələrimiz şəhərin kənarında cəmləşib…

Biz - barışa və siyasi həllə nail olmağa can atan hökumətik. Ancaq təcavüzkar (Həftar qüvvələri nəzərdə tutulur) bundan əvvəlki bütün sazişlərə və atəşin dayandırılması cəhdlərinə əməl etməyib» - deyə, MRH-nin müdafiə naziri Səlahəddin əl-Namruş bəyan edib./Azpolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi