Lotu Quli belə öldürüldü - Hadisənin şahidi danışdı
Saat 21:00-a yaxın Nadir Səlifov, mən və onun bir çox yaxın adamı otelin restoranında idik. Çoxlu qonaq var idi. Heç nə təhlükədən xəbər vermirdi.
Bunu Virtualaz.org-a qısa müsahibəsində avqustun 20-də Antalyadakı dəbdəbəli oteldə öldürülən, kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə məşhur olan Nadir Səlifovun yaxın qohumu deyib.
Həmin yaxın qohum dəhşətli cinayətin yeganə şahidi olduğunu bildirib. Onun sözlərinə görə, tanınmış kriminal avtoriteti məhz onun yanında güllələyiblər:
"Şam yeməyi başa çatdıqdan sonra Quli mühafizəçilərlə birlikdə öz otel nömrəsinə yollandı. Daha sonra restoranın VIP sektorunda kart oynamağı təklif etdi. Mən restorana endim və onu gözlədim. Daha sonra Quli özü də gəldi. Onun böyük mühafizə dəstəsi vardı, lakin hamısı silahsız idi və dəhlizdə dayanmışdılar. Həmin sektorda biz ikimiz idik. Heç kəs yox idi. Birdən Xan (Xaqan Zeynalov - red.) içəri girdi. O, bizim masaya yaxınlaşdı, əlində barsetka vardı. Ağlıma da gəlməzdi ki, barsetkanın altında - əlində tapança tutub".
Nadir Səlifovun qohumunun sözlərinə görə, qatil Lotu Qulinin və onun oturduğu masaya yaxınlaşaraq, Səlifova dörd dəfə atəş açıb. Birinci gülləni başına, ikincisini boynunun arxasına, sonrakı ikisini isə kürəyinə vurub:
"Hər şey elə gözlənilmədən və tez baş verdi ki, mən gözlərimə inanmadım. Mənə elə gəlirdi ki, bütün bunlar gerçək deyil. Lakin Quli jurnal masasının üstünə yıxıldı”.
Qohumunun sözlərinə görə, N.Səlifova “Beretta” markalı tapançadan atəş açılıb.
N.Səlifovun qohumu iddia edir ki, işin görüldüyünə əmin olan Xaqan Zeynalov qaçaraq dəhlizə çıxıb və "Lotu Qulini güllələdilər” deyə qışqırmağa başlayıb:
“Bir neçə saniyə sonra Qulinin təxminən on silahsız mühafizəçisi bizim otağa cumdu. Bircə onu deyə bildim ki, Səlifovu Xan Əhmədlinski vurdu".
N.Səlifovun qohumu deyib ki, Xaqan Zeynalov qanuni oğrunun əhatəsinə bir il əvvəl daxil olub və möcüzəvi şəkildə Lotu Qulinin etibarını qazana bilib:
"Şəxsən mən ona şübhə ilə yanaşırdım. Mənə aydın deyil ki, Quli kimi təcrübəli bir adam cəmi bir il əvvəl etibarını qazanan təsadüfi bir şəxsi necə öz yaxın ətrafına buraxmışdı?!”
Məlumata görə, Xaqan Zeynalov məşhur Bakı zərgəri Dəyanət Zeynalovun oğludur.
Bu xəbər üçün şərh yazın