Lukaşenko və oğluna sanksiya qoyuldu - Aktivləri dondurulur, səfər qadağası qoyulur
Avropa İttifaqı Aleksandr Lukaşenko, onun oğlu Viktor və daha 13 Belarus rəsmisi üzərinə sanksiyalar qoyub. Onlar Belarusda prezident seçkisindən sonra etirazçılara qarşı zorakılıqda, əsassız həbslərdə və saxtakarlıqda ittiham olunurlar.
Avropa İttifaqının rəsmi bülleteninin 6 noyabr sayında sanksiya siyahısına salınmış daha 15 Belarus məmurunun adı var. Bu siyahıda olanların Avropadakı aktivləri dondurulacaq və onların ittifaq ərazisinə səfərləri qadağan olunacaq.
Bundan əvvəlki sanksiya siyahısında Belarusun 40 rəsmisinin adı vardı. Avropa İttifaqı bildirib ki, Belarusda seçkidən əvvəl və sonra dövlət aparatı tərəfindən törədilmiş zorakılıqlara görə məsuliyyəti şəxsən Lukaşenka daşıyır.
Viktor Lukaşenko həm atasının milli təhlükəsizlik müşaviri, həm də Belarus Milli Təhlükəsizlik Şurasının üzvüdür.
Avropa İttifaqı sanksiyalarının ikinci siyahısına prezident administrasiyasının rəhbəri İhar Serqyaenko, Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) sədri İvan Tertel, İstintaq Komitəsinin rəhbəri İvan Naskeviç və Konstitusiya Məhkəməsinin başçısı Pyotr Miklaşeviç salınıb.
Belarusun hakimiyyət orqanları müxalifət lideri Mariya Kalesnikovanın məhkəməyə qədər saxlanma müddətini 2 ay da uzadıb. O ölkənin milli təhlükəsizliyinə hədə yaratmaqda ittiham olunur.
Həbs edilmiş müxalifət siyasətçisi Viktor Babarikanın mətbuat xidməti noyabrın 6-da bildirib ki, müstəntiqlər Kalesnikovanın saxlanma müddətini yanvarın 8-dək uzadıblar.
Kalesnikavanın vəkili Lyudmila Kazak bundan əvvəl bildirmişdi ki, onun zaminə buraxılmaq barədə vəsatəti rədd edilib.
Kalesnikova Belarusda prezident seçkisinin ardınca yaradılmış müxalifət qurumu – Koordinasiya Şurasının üzvüdür.
Müxalifət 9 avqust prezident seçkisinin nəticələrini tanımaqdan imtina edir. Keçmiş bank meneceri Babarika bu seçkiyə namizədliyini vermişdi, lakin az sonra oğlu ilə birlikdə mənimsəmə ittihamları ilə həbs edildi. Tərəfdarları ittihamların qondarma olduğunu deyirlər./azadliq.org
Bu xəbər üçün şərh yazın