Masallı Maliyyə İdarəsi işıq dirəklərinin quraşdırılması layihələrinə görə, dövlət vəsaitinin mənimsənilməsinə şərik olub -İDDİA
Ölkədə maliyyə fırıldaqları bilavasitə maliyyə idarələrinə rəhbərlik edən məmurların nəzarəti altında həyata keçirilir.
Maliyyə Nazirliyində hazırlanan xüsusi layihələrə uyğun olaraq maliyyə idarələri onlara ayrılan limit daxilində dövlət idarə və müəssisələrində, həmçinin özəl sektorda müxtəlif həcmli maliyyə yeyintilərini reallaşdırır. Bu sahədə xüsusi səriştəsi olan maliyyə "mütəxəssisi" Masallı rayon maliyyə şöbəsinin müdiri Azər Abdullayevin fəaliyyəti diqqəti cəlb edir.
Azər Abdullayev 2017- 2020 - ci illər arasında rayonun sabiq İHB- sı Rafil Hüseynovun və Maliyyə Naziri Samir Şərifovun razılaşması əsasında rayonda yol tikintisi və təmiri, abadlıq - quruculuq işlərinin aparılması, Masallı şəhərində Viləş- çay su hövzəsinin ətrafına bənd çəkilməsi və digər cari işlərdən ötrü təqribən 20 milyon manatdan çox dövlət vəsaitinin mənimsənilməsi üçün hazırlanan tender layihələrinin maliyyələşməsinə imza atmışdır. Hal- hazırda rayonun İHB- sı Şahin Məmmədovun maliyyə maxinasiyalarına hesablanmış göstərişlərini icra edir. Alınan məlumatlara görə 2021 -ci ilin aprel- may aylarında Azər Abdullayev Masallı şəhərində yolların təmiri və küçələrdə gecə işıq dirəklərinin quraşdırılması layihələrinə görə külli miqdarda dövlət vəsaitinin mənimsənilməsinə şərik olub.
Təqribən 2 il bundan öncə Azər Abdullayevin evindən 800 min manat dəyərində qiymətli qızıl- ziynət əşyalarının və brilliantların, həmçinin külli miqdarda pul oğurlanması barədə sosial şəbəkələrdə məlumat yayıldı. Hətta, bildirildi ki, Azər Abdullayev baş verən "faciə"dən sonra ağır psixoloji sarsıntı keçirib. Nədənsə, hüquq - mühafizə orqanları həmin hadisəni araşdırmadı. Görünür, Azər Abdullayevə qarşı "oğrudan -oğruya halaldır" prinsipi həyata keçirilib.
Azər Abdullayev 1990- cı illərda Masallı rayon Maliyyə şöbəsinin, sonra isə rayon Dövlət Sosial - Müdafiə Fondunun rəisi vəzifələrində çalışıb. Bir müddət Yasamal rayon DSMF- da idarə rəisinin müavini vəzifəsində işləyib. 2013 - cü ildə keçirtdiyi ağır yol- nəqliyyat qəzasından sonra uzun müddət işləməyib. Sonra isə Masallı rayon Maliyyə şöbəsinə rəis təyin edilib. Əvəzedilməz kadr kimi maliyyə fırıldaqlarında iştirakını davam etdirir.
P.S. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //gundelik-baku.com//
Bu xəbər üçün şərh yazın