MDB Gənclər Parlamentlərarası Assambleyasında millət vəkili Könül Nurullayeva Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işlərindən danışıb

MDB Gənclər Parlamentlərarası Assambleyasında millət vəkili Könül Nurullayeva Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işlərindən danışıb - FOTO

Millət vəkilləri Emin Hacıyev və Könül Nurullayeva 21-22 oktyabr tarixləri arasında Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən MDB Gənclər Parlamentlərarası Assambleyasının 17-ci konfransında ölkəmizi təmsil edir.

Tədbir zamanı Emin Hacıyev MDB Gənclər Parlamentlərarası Assambleyasının koordinatoru seçilib. Daha sonra isə Milli Məclisin deputatı Könül Nurullayeva “MDB ölkələrində gənclər turizmi: müasir vəziyyət və əsas inkişaf istiqamətləri” mövzusunda keçirilən konfransda çıxış edib. Deputat bildirib ki, gənclər hər bir ölkənin hərəkətverici qüvvəsi kimi innovasiyaların tətbiqində katalizator, davamlı inkişaf faktoru kimi çıxış edir.
Gənclərin turizmlə bağlı fikirlərinə toxunan K.Nurullayeva qeyd edib ki, turizm gənclər üçün həm də ətraf aləmi öyrənmək vasitəsidir və bu gün beynəlxalq səyahətlərin ümumi həcmində fərdi və ya kollektiv formada gənclər turizminin payı MDB ölkələri də daxil olmaqla durmadan artır. Gənclərin sosial imkanları nəzərə alınmaqla, münasib qiymət və keyfiyyət nisbətinə yönəlmiş aşağı büdcəli turlara maraq daha çoxdur. Gənclər turizminin Avropa ölkələri və ABŞ-da daha çox inkişaf etdiyini diqqətə çatdıran K.Nurullayeva nümunə olaraq bildirib ki, Avropada beynəlxalq tələbə kartı olan tələbələr üçün hava səyahətlərində, ictimai nəqliyyatda, kafeləri, muzeyləri, konsertləri və digər yerləri ziyarət etmək üçün güzəştlər sistemi mövcuddur.


“Lakin MDB məkanında gənclər turizmi hələ də prioritet sahə hesab edilmir” deyən K.Nurullayeva Azərbaycan təcrübəsinə diqqət çəkib. Bildirib ki, Azərbaycanda gənclər siyasəti dövlət üçün əsas prioritet sahələrdən biridir. Bu xüsusda Azərbaycanda gənclər və turizm sahəsinin inkişafına yönəlmiş çoxsaylı proqram və layihələr reallaşdıran Heydər Əliyev Fondu, Dövlət Turizm Agentliyi və Azərbaycan Prezidenti yanında Gənclər Fondunun rolunu qeyd edən millət vəkili deyib ki, uzun illərdir Azərbaycanda beynəlxalq turizmin əsas tələblərinə cavab verən yüksək ixtisaslı mütəxəssislər hazırlanır: “Hələ 2006-cı ildə Prezident İlham Əliyevin sərəncamı əsasında ölkəmizdə Turizm İnstitutu yaradılıb. Turizm sektorunun ölkə iqtisadiyyatı üçün əhəmiyyətini nəzərə alaraq, 2014-cü ildə bu ali təhsil müəssisəsinin bazasında Azərbaycan Turizm və Menecment Universiteti yaradılıb.
Universitet Rusiya da daxil olmaqla dünyanın aparıcı təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir və burda tədris proqramı turizm və istirahət sahəsində ən yaxşı təcrübələr nəzərə alınmaqla formalaşıb”. Azərbaycanın bənzərsiz təbiətə, zəngin tarixə və mədəni irsə malik Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının hələ sovetlər dövründə turizm zonası kimi məşhur olduğunu xatırladan K.Nurullayeva deyib ki, Sovet İttifaqının hər yerindən insanlar tətildə Kəlbəcərə və Şuşaya gəlirdilər.


“Bu gün azad edilmiş ərazilərin zəngin turizm potensialını canlandırmaq məqsədi ilə Azərbaycanda gənclərin də fəal iştirak etdiyi proqramlar hazırlanır, layihələr həyata keçirilir” deyən deputat münbit torpaqlarımızın yenidən dünyanın hər yerindən qonaqlar qarşılamağa hazır olduğunu bildirib. K.Nurullayeva həmçinin vurğulayıb ki, Azərbaycanda hər il onlarla beynəlxalq konfrans, sərgilər, festival və irimiqyaslı idman tədbirləri keçirilir: “Son on ildə Azərbaycan fəal şəkildə İlk Avropa Oyunları, 4-cü İslam Oyunları, Avropa Gənclər Olimpiya Festivalı, Çempionatlar və müxtəlif idman növləri üzrə Dünya Kubokları, Formula 1 Azərbaycan Qran Prisi və digər idman tədbirlərinə ev sahibliyi edib. Eyni zamanda yerli və əcnəbi gənclərə mədəniyyətlərarası ünsiyyətdə təcrübə qazanmaq, tolerantlıq və multikulturalizm anlayışını formalaşdırmaq imkanı verən beynəlxalq gənclər düşərgələri də təşkil edilir.”

Mövcud imkanların Azərbaycanı gənclər turizmi üçün də perspektivli marşrut halına gətirdiyini bildirən millət vəkili onu da qeyd edib ki, müasir dünyanın reallıqlarında yeni mexanizm və modellərin meydana gəlməsi təbiidir və belə vəziyyətdə gənclər turizmi, beynəlxalq gənclər əməkdaşlığı xüsusi diqqət tələb edir: “MDB ölkələri üçün bütün səviyyələrdə təşkilati, hüquqi və maliyyə dəstəyinin inkişafı, gənclər turizmi sektoru üçün yeni brendlərin yaradılması və yeni turizm növlərinin, o cümlədən xüsusi maraq doğuran müxtəlif dağ və su turizmi, veloturlar və digər növlərin təbliği və inkişafı vacibdir. Gənclər turizminin düzgün təşkili ilə bu istirahət sahəsi, şübhəsiz ki, bölgəni və həmin ölkəni fərqləndirə bilər. Əminəm ki, gənclər turizminin getdikcə artan əhəmiyyəti bütün MDB məkanını əhatə edəcək”.

MDB Gənclər Parlamentlərarası Assambleyasında millət vəkili Könül Nurullayeva Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işlərindən danışıbMDB Gənclər Parlamentlərarası Assambleyasında millət vəkili Könül Nurullayeva Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işlərindən danışıbMDB Gənclər Parlamentlərarası Assambleyasında millət vəkili Könül Nurullayeva Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işlərindən danışıb
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi