Məcburi köçkünlər Tbilisi prospektini bağlayıblar – Mənzil probleminin həllini tələb edirlər
Bu gün səhər məcburi köçkünlərdən ibarət qrup Tbilisi prospektində nəqliyyatın hərəkətini dayandırıb.
Etiraz köçkünlərin mənzil probleminin həll olunmaması ilə əlaqədar olub.
Səhər onlar Dövlət Statistika Komitəsinin qarşısında toplaşıblar. Lakin onları içəriyə bir-bir buraxıblar. Əsəbiləşmiş qaçqınlar məmurların davranışından hiddətlənməyə başlayıblar. Qaçqınlardan biri öz avtomobilində yola çıxaraq mərkəz istiqamətində Tbilisi prospektini bağlayıb. Digər köçkünlər də onu dəstəkləyiblər.
Polis əməkdaşları sürücüdən yolu açmağı tələb ediblər. O imtina etdikdə onu maşından çıxarıb aparıblar. Etiraz əlaməti olaraq qadın yolun ortasında dayanıb. Hadisə yerinə gələn çevik polis alayının əməkdaşları aksiya iştirakçılarını dağıdıblar. “Bizim müvəqqəti yaşadığımız yeri 9 ay öncə söküblər. Bizə ancaq vəd verirlər. Biz mənzil istəyirik”, – aksiya iştirakçılarından biri deyib.
“Mənzil vermirlər, heç olmasa sığınacaq versinlər, başımızın üstündə dam olsun”, – qadın deyib. Aksiyadan sonra məmurlar etirazçılarla söhbət ediblər. Yol 15 dəqiqəliyə bağlanıb, bu da bir kilometrdən uzun tıxacın yaranmasına səbəb olub. (Turan)
Bu xəbər üçün şərh yazın