Məhkəmə Ramiz Taxvelinin təqsirli bilinməməsi barədə qərar verdi
Arvadı Adelya Taxvelini yaşadıqları mənzilin balkonundan ataraq xüsusi amansızlıqla öldürməkdə ittiham edilən “Buta Palace”ın art direktoru Ramiz Taxvelinin indiki mərhələdə təqsirli bilinməməsi barədə qərar verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin R.Taxvelini bu cinayətləri törətməkdə təqsirli bilərək onu məcburi müalicəyə göndərməsi qərarı dəyişdirilib.
R.Taxvelinin anası Gülarə Məmmədovanın sözlərinə görə, həmin vaxt məhkəmə prosesi yarımçıq saxlanılsa da, hakim Rasim Sadıxov qərarda yazıb ki, prokuror prosesdə cəza istəyib: “Guya çıxışlar da olub. Amma bunların heç biri olmamışdı”.
Taxvelinin vəkili Qanqa İbrahimova saytımıza açıqlamasında deyib ki, hakim qərarında Ramiz Taxvelini ittiham olunduğu maddələr üzrə təqsirli bilib və təqsirinin sübuta yetirildiyi qeyd edilib: “Bu qərardan apellyasiya şikayəti verdik ki, biz məhkəmə istintaqını tamamlamadan, dövlət ittihamçısı çıxış etmədən hakim şəxsi təqsirli hesab edə bilməz. O zaman məhkəmənin çıxışlar hissəsində Ramiz Taxvelinin psixoloji durumu ilə bağlı iş ekspertizaya göndərildi və rəy verildi ki, onun psixi durumu hazırda özünü idarəetməyə imkan vermir, o, öz hərəkətlərini dərk etmir. Ekspert rəyi gələn kimi də hakim qərar çıxartdı”.
Vəkil bildirib ki, bundan sonra Bakı Apellyasiya Məhkəməsi həmin qərardan Ramiz Taxvelinin təqsirli bilinməsi ifadəsini çıxarıb: “Hakim Faiq Qasımov qərar verdi ki, Ramiz Taxvelinin məcburi müalicəsi başa çatdıqdan, tam sağaldıqdan sonra proses olduğu yerdən davam etdirilsin. Orada da aşkar olundu ki, məhkəmə istintaqı yekunlaşmayıb. Qeyd edildi ki, Ramiz Taxveli indiki mərhələdə təqsirli bilinməsin”.
Prokurorluq və mərhum Adelya Taxvelinin hüquqi varisi Ali Məhkəməyə kassasiya şikayəti verib. Hakim İlqar Qılıcov işə yenidən apellyasiya məhkəməsində baxılmasına qərar verib.
Xatırladaq ki, hadisə 2018-ci il dekabrın 10-da gecə saat 3 radələrində paytaxtın Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən hündürmərtəbəli binada baş verib. Orada yaşayan Taxveli Adelya Azər qızı 5-ci mərtəbədə balkondan düşərək vəfat edib. İlkin olaraq A.Taxvelinin intihar etdiyi zənn edilib.
İttihama görə, R. Taxveli ilk qızı Aliyanın epilepsiya xəstəsi olaraq doğulmasında arvadı Adelyanı daim günahkar bilib və buna görə mütəmadi olaraq mübahisə edib. O, dekabrın 9-u axşam saat 22 radələrində marixuana qəbul edərək arvadı Adelyanı yuxudan oyadaraq döyüb və işgəncə verib. Daha sonra onu saçından tutub sürüyərək otaqları gəzdirib, uşaqların yatdığı otağa apararaq onlarla vidalaşmağa məcbur edib. Həmin vaxt yataqda olan xəstə qızı Aliyanı götürərək yerə çırpıb və oyadıb. Bu zaman epilepsiya xəstəsi olan Aliya başından xəsarət alıb. Uşaqlar atalarına yalvarıb analarını çağırsalar da, R. Taxveli buna əhəmiyyət verməyib. Adelyanı sürüyərək balkona çıxarıb, orada ayaqlarından tutaraq yuxarı qaldırıb və balkondan aşağı atıb.
İttihama münasibət bildirən R. Taxveli nədə təqsirləndirildiyini anlamadığını deyib.
Adelya Taxveli gənclər və idman naziri olmuş, mərhum Azad Rəhimovun yaxın qohumu olub. 30 yaşında vəfat edən Adelyanın anası nazirin xalası qızıdır. Ramiz Taxveli isə Azərbaycanın xalq artisti Gülağa Məmmədovun yeganə qızının nəvəsidir./Qafqazinfo.az
Bu xəbər üçün şərh yazın