Mehriban Əliyevanın fəaliyyətinin mənbəyində xalqa məhəbbət, humanizm və gələcəyə

Mehriban Əliyevanın fəaliyyətinin mənbəyində xalqa məhəbbət, humanizm və gələcəyə sonsuz inam dayanır

Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribanlıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar.

                                  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva


Həyatda hər insana yalnız bir ömür yaşamaq nəsib olur. Bu “ömür” adlı yolda yolçu olan kəsləri ümumi bir ad “insan” adı birləşdirsə də arzular, amallar, düşüncələr, xarakterlər olduqca fərqli və rəngarəngdir. Elə insanlar var ki, onların həyatı olum-ölüm intervalındakı məsafədən ibarət olur və bu insanlar yalnız öz yaxınları, ətrafı üçün dəyərli olur. Lakin elə insanlar da var ki, onların əməlləri, amalları çərçivə, məhdudiyyət tanımır. Həyatını, zamanını xalqın, millətin rifahı, sağlamlığı, təhsili üçün həsr edir. Qəlbində ümumbəşəri hislər olan humanizm, mərhəmət duyğuları yaşadan bu insanlar bir ömür çərçivəsinə sığmayan əməlləri ilə əbədi olaraq insanların məhəbbətini qazanır. Həyatda ən xoşbəxt insanlar da məhz belələridir. Hər birimizin idealı və sevimlisi olan, qayğıkeşliyi, səmimiliyi, sadəliyi ilə bütün dünyaya əsil nümunə olan Mehriban xanım Əliyeva məhz belə insanlardandır.

Çoxşaxəli fəaliyyət istiqamətini yüksək peşəkarlıqla yönəldən Mehriban xanım Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyinatı müasir tariximizin ən mühüm hadisələrindən olmaqla yanaşı, Azərbaycan qadının tarixi uğuru oldu. Çünki, Vətənə sədaqət, milli dəyərlərə hörmət və uğurlu fəaliyyət Mehriban xanım Əliyevanın ölkənin Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmasını şərtləndirən əsas amillərdir.

Mehriban xanım Əliyevanın ölkənin birinci xanımı kimi fəaliyyət istiqamətlərinə baxsaq, “Yumşaq güc” amilinin təcrübədə effektivliyinə bir daha əmin ola bilərik. Humanitar sahədə uğurlu fəaliyyət göstərən Mehriban xanım Əliyeva 2017-ci ildən Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilən siyasi rəhbərlik funksiyasını da icra etməyə başladı.

Bu gün Mehriban xanım Azərbaycanın tərəqqisi və gələcək böyük uğurları naminə yorulmadan çalışır. Prezident İlham Əliyevin ən yaxın silahdaşı olaraq Birinci vitse-prezident Mehriban Əliyevanın sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsində böyük əməyi vardır. Müasir Azərbaycanın quruculuğunda bu tandem mühüm əhəmiyyət kəsb edir. Birinci vitse-prezident kimi fəaliyyəti dövründə Mehriban xanım Əliyeva qısa müddətdə özünün peşəkarlığı, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxışı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini açmış, idarəetmədə qadınların rolunun artmasına səbəb olmuşdur. Mehriban xanım ölkəmizdəki qadın hərəkatı tarixində ilk şəxsiyyətdir ki, maarifçilikdən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş bir fəaliyyət məkanını əhatə edir. Mehriban xanımın təşəbbüsü ilə həyata keçirilən tədbirlər təkcə Azərbaycanla məhdudlaşmır, eyni zamanda sülh və sabitliyin təmin edilməsində önəmli rol oynayan sivilizasiyalararası dialoq mühitinin formalaşdırılması, dünya mədəni irsinin qorunması üzrə aktual məsələləri də əhatə edir. Bütün bu qeyd edilən məsələlərə əsasən deyə bilərik ki, bu gün Mehriban xanım Əliyevanın Azərbaycanı dünyada mədəniyyət carçısı, sivilizasiyalararası dialoq, mültikulturalizm və tolerantlıq məkanı kimi təqdim etməsi Prezident İlham Əliyevin müzəffər lider portretini uğurla tamamlayır.

Mehriban xanım millətin gələcəyi olan təhsil sahəsinə hər zaman böyük diqqət və qayğı göstərmişdir. Belə ki, Mehriban xanım Əliyeva rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə təhsillə bağlı bir çox önəmli layihə və proqramlara start verilmişdir. Bu layihələr həyata keçiriləndən sonra hətta respublikamızın ən ucqar regionlarında da hər cür ləvazimatla təchiz olunmuş, müasir tələblərə cavab verən məktəblər tikilib istifadəyə verilmiş, təhsilin bütün ölkə ərazisində əlçatanlığı təmin edilmişdir. Sevindirici haldır ki, bu layihələrin icrası bizim rayonumuzda da reallaşmışdır. Heydər Əliyev Fondu tərəfindən Füzuli rayonu ərazisində 1 məktəb, 5 körpələr evi-uşaq bağçası tikilib istifadəyə verilmiş, 1 məktəb isə əsaslı təmir olunmuşdur. Bu məktəblərin və bağçaların hər biri ən müasir standartlara cavab verən şəkildə tikilib və yüksək keyfiyyətli avadanlıqlarla təchiz olunub.

Mehriban xanımın tariximizə, milli- mənəvi dəyərlərimizə sevgisi və bağlılığı onun bu sahəyə qayğısında özünü göstərir. Çünki, Azərbaycan xalqının yaratdığı milli mədəniyyət və incəsənət nümunələrinin, ənənələrin öyrənilməsi, bərpası, onların yerli və dünya mədəni irsi kimi qorunması, dünyada tanıdılması işləri Mehriban xanım Əliyevanın əsas fəaliyyət istiqamətlərindəndir. Təsadüfi deyildir ki, rayonumuzun ərazisində fəaliyyət göstərən Tarix Diyarşünaslıq Muzeyi də məhz Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən tikilmişdir. Hazırda Horadiz şəhərində yerləşən Gənclər Mərkəzi və Rəsm Qoleriyası da Heydər Əliyev Fondunun Füzulilərə olan töhfələrindəndir.

Hər zaman humanizm prinsiplərini əldə rəhbər tutan Mehriban xanım Əliyevanın həssas əhali qruplarına qayğıkeş münasibəti bütün dünyaya gözəl bir nümunədir. Ölkəmizdə xüsusi həssas əhali qrupları ilə işləmək, onların problemlərinin həllinə dəstək olmaq Mehriban xanım Əliyevanın fəaliyyət sahəsinin ana xəttini təşkil edir. Bu işdə gündəlik sosial ehtiyacların qarşılanması, insanların sağlamlığının qorunması, xəstələrə, kimsəsizlərə, ahıllara və ehtiyacı olan digər insanlara qayğı və nəvaziş ən vacib missiya kimi həyata keçirilməkdədir.

Pandemiya səbəbindən ölkəmizdə yaşanan böhran zamanı Mehriban xanım Əliyevanın peşəkarlığı sayəsində idarətmədə güc birliyi təmin olunmuşdur. Onun tapşırığına əsasən Heydər Əliyev Fondu tərəfindən pandemiya dövründə ailələrin sosial ehtiyaclarının qarşılanması, onların ərzaq və tibbi ləvazimatlarla təminatı həyata keçirilmişdir. Bu tədbirlər çərçivəsində rayonumuzda da sağlamlıq imkanı məhdud olanlara və aztəminatlı ailələrə Heydər Əliyev Fondu tərəfindən yardımlar edilmişdir.

Təkcə Azərbaycan əhalisinin deyil, dünya əhalisinin də sağlamlığının qorunması daim Mehriban xanım Əliyevanın fəaliyyətinin əsasında dayanmışdır. Sağlamlığın qorunması istiqamətində beynəlxalq tədbirlər çərçivəsində Heydər Əliyev Fondu Dünya Diabet Günü kampaniyasına qoşulmuş, əhalinin sağlamlığının qorunması, xüsusilə uşaqların fiziki cəhətdən sağlam böyüməsinə lazımi səviyyədə diqqət yetirilməsi üçün “Talassemiyasız həyat naminə” layihəsini başlamışdır. Bundan əlavə, 2010-cu ildə Heydər Əliyev Fondu və UNICEF-in birgə təşkilatçılığı ilə keçirilən anemiya və talassemiya üzrə “dəyirmi masa”da bu istiqamətdə bir çox mühüm problemlər müzakirə edilmişdir. Məhz bu xidmətlərinə görə Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin 2007-ci il yanvarın 29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə Mehriban xanım Əliyeva bu beynəlxalq təşkilatın ali mükafatına layiq görülmüşdür.

Bildiyimiz kimi 44 günlük Vətən müharibəsi nəticəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi şanlı Azərbaycan ordusu bizlərə sonsuz Qələbə sevinci bəxş etdi. Bu Qələbəni şəhidlərimizin qanı, qazilərimizin sağlamlığını itirməsi bahasına əldə etdik. Qəhrəman şəhidlərimizin övladları, valideynləri və doğmalarına dövlətin diqqətindən başqa Mehriban xanım Əliyevanın da xüsusi diqqəti və qayğısı olmuşdur. Bu istiqamətdə fəaliyyət Heydər Əliyev Fondu vasitəsilə heç bir ictimai məlumatlandırma olmadan həyata keçirilmişdir.

Vətən müharibəsində rayonumuzdan 78 şəhidimiz oldu. Şəhidlərimizin hər birinin ailəsi Heydər Əliyev Fondunun, şəxsən Mehriban xanım Əliyevanın diqqət və qayğısını daim yaxından hiss edirlər. Qazilərimizdən səhətində ciddi problemləri olan 4 nəfərinin qardaş Türkiyə respublikasında müalicəsini davam etdirməsi məhz Heydər Əliyev Fondunun dəstəyi ilə mümkün oldu.

Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti təkcə ölkə daxili ilə məhdudlaşmır. Axı ümumbəşəri prinsiplər naminə atılan addımlar, görülən işlər sərhəd və məsafə tanımır. Təsadüfi deyildir ki, UNESCO-nun və ISESCO-nun Xoşməramlı səfiri kimi fəaliyyəti Mehriban xanım Əliyevanın xarici siyasətdə fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir.

Dünya əhalisinin sağlamlıq və təhsil ehtiyaclarının qarşılanması təşəbbüslərinə dəstək göstərilməsi, dünyanın maddi, qeyri-maddi irsinin bərpası və onun gələcək nəsillərə çatdırılması missiyası, dinlər və mədəniyyətlərarası dialoq mühitinin yaradılması təşəbbüsləri, ölkələrarası dostluq və səmərəli əməkdaşlıq mühitinin formalaşdırılması Mehriban xanımın beynəlxalq səviyyədə uğurlu fəaliyyətinin başlıca motivləridir.

Əsil Azərbaycan xanımı, qayğıkeş ana, layiqli həyat yoldaşı, siyasi xadim, xalqı, milləti naminə yorulmadan çalışan, yüksək idarəetmə bacarığı olan rəhbər, humanizm, mərhəmət dolu, sadə, səmimi bir insan- bütün bu adları əməllərində, fəaliyyətində uğurla yaşadan Mehriban xanım Əliyeva Azərbaycan qadının tarixə öz möhürünü vuran yenilməz simasıdır.

Mehriban xanım Əliyeva çoxsaylı beynəlxalq mükafatlarla təltif olunub və müxtəlif fəxri adlara layiq görülüb. Xeyirxahlıq, mərhəmət, insanpərvərlik nümunəsi olan Mehriban xanım Əliyevanın ölkə daxilində həyata keçirdiyi humanitar missiyası dövlətimiz tərəfindən yüksək dəyərləndirilmiş və Mehriban xanım Azərbaycanın ən ali dövlət mükafatlarına – “Heydər Əliyev” ordeninə və Heydər Əliyev Mükafatına layiq görülmüşdür.

Azərbaycan xalqının Mehriban Əliyevaya mükafatı isə sonsuz məhəbbəti, sevgisi və sarsılmaz inamıdır.

Gülbahar Eyvazova

 Füzuli RİHB-nin müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi