Məktəblər açılmırsa, restoranlar, şadlıq sarayları da bağlansın! - TƏLƏB!
Günümüzün ən aktual mövzularından biri də 15 sentyabrda məktəblərin açılıb-açılmayacağıdır. Bu məsələ sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.
Valideynlər dərslərin ənənəvi keçirilməsi ilə bağlı çox narahatdırlar. Hətta tədris müəssisələrin açılmasını istəmədiklərini açıq şəkildə dilə gətirənlər də az deyil.
Buna səbəb kimi təhsil müəssisələrində auditoriyaların, siniflərin balaca olması göstərilir. Düşünürlər ki, belə şəraitdə ara məsafəni qoruya bilməyəcəklər, yoluxma da artacaq. Və yenidən bağlanma təhlükəsi yaranacaq.
Maraqlıdır, doğurdanmı ənənəvi təhsilə keçiləcəyi təqdirdə gigiyenik qaydalara düzgün əməl edilməyəcək?
Tədris müəssisələri açılıb, təkrar bağlansa onlayn təhsilin effekti necə olacaq?
Təhsil eksperti Kamran Əsədov Yenisabah.az-a tədrisin ənənəvi qayda da başlanmasının vacibliyini qeyd edib:
“Bütün hallarda tədris prosesi ənənəvi qayda da başlamalıdır və başlayacaq da. Bu gün məktəblərdəki şəraitsizlikdən narahat və narazı olan valideynlər restoranlarda daha az məsafədə insanlarla bərabər oturur, istirahət və əyləncə mərkəzlərində saatlarla olurlar. Hər hansı qoruyucu adımlar atılmadan restoranda, dəniz kənarında və yaxud da parkda gəzirlər. Orada hər hansı bir problem olmur. Lakin dezinfeksiya işlərinin aparıldığı, müəllimlərin qoruyucu maskadan istifadə etdiyi məkəblərdə tədris prosesindən insanlar narahatdırlar”.
Ekspertin sözlərinə görə, əgər 15 sentyabr tədris müəssisələrində dərslər ənənəvi formada keçilməsə, hər yer bağlanmalıdır:
“15 sentyabrda məktəblər açılmayacaqsa, bütün restoranlar və digər bütün obyektlərin hamısı bağlanmalıdır. Yəni necə olur ki, iyul ayının 1-dən etibarən 150 nəfərlə toy şənliklərinin keçirilməsinə icazə verilir, amma şagird sayı 200-dən aşağı olan təhsil müəssisələrində qoruyucu tədbirlərlə, ara məsafəsi ilə məktəbə getməyə icazə verilmir.
Bunun üçün daha ciddi addımlar atılmalıdır. Günün müəyyən saatlarında fəaliyyət göstərən məktəb avtobusları təşkil edilməli, metro stansiyalarında vaqonların bir neçəsi işarələnərək ancaq şagirdlərin istifadəsinə verilməlidir. Həmin vaqonlardan ancaq şagirdlər istifadə edə bilərlər. İnsanlar narahat olmamalıdırlar. Əgər narahatdırlarsa, övladlarını evdən kənara qoymasınlar”.
K.Əsədovun fikrincə, məktəblər açılmasa, sms-lə icazəyə keçməliyik:
“15 sentyabr dərslər ənənəvi qaydada olmasa hər yer bağlanmalıdır. Hətta sms sisteminə qayıtmalıyıq. Sms icazənin vaxtı da 2 saatdan yarım saata qədər azaldılmalıdır. Əgər həqiqətən qorunmaq istəyirlərsə, otursunlar evdə. Bütün hər yer işləyir problem deyil. Amma təhsil, dərs adı gələndə hamı daş atıb, başını tutur. Virus var, qorunmaq lazımdır.
Lakin unutmayaq ki, məkəb virus yayan qurum deyil. Heç bir halda tədris müəssisələri virusa görə, qapanmamalıdır. Onlayn şəkildə tədrisin təşkili gələcək nəsilləri savadsızlığa aparır.
Bununla yanaşı universitetlər üçün təklif etmişik ki, ixtisas fənləri ənənəvi qaydada, qeyri-ixtisas fənləri isə onlayn şəkildə keçirilsin. Burada da ən azından qruplara bölünmək mümkündür. Ciddi bir problem deyil. Bir neçə univrsitetdə tələbə sayı yüksəkdir. BDU, UNEC, ADPU, ADNSU istisna olmaqla heç bir universitetin tələbə sayı 5 mindən çox deyil. Auditoriyalarda ikiyə bölməklə tədris davam etdirə bilərlər.
Bunun üçün Amerikanı ikinci dəfə kəşf etməyə ehtiyac yoxdur. Ali təhsil müəssisələrinə temperaturu müəyyənləşdirən cihaz qoyulub. Əgər kiminsə temperaturu normadan artıqdırsa, o kənarda qalır, digələri içəri buraxılır. Bütün tədris keçirlən yerlərdə dezinfeksiya aparatı quraşdırılıb”.
Bu xəbər üçün şərh yazın