Məmməd Musayevə aid bank da müflis olur- Çökən banklar kimlərə məxsusdu?
Azərbaycanın bank sektorunun ciddi islahatlara ehtiyac duyulan əsas sahələrdən biri olduğu şübhəsizdir. Bu sektorda əsas söz sahiblərinin məmur-oliqarxlar olduğu isə heç kimə sirr deyil.
Ölkə banklarının cari ilin ilk 9 ayının nəticələrinə dair maliyyə hesabatları bir daha göstərir ki, Azərbaycanda fəaliyyət göstərən 30 bankın təxminən 10-nun vəziyyəti qətiyyən ürəkaçan deyil.
Bunu mənfəətdən tutmuş kredit portfelinə, aktivlərin həcminə, problemli kreditlərin miqdarına qədər bir çox göstəricilər xarakterizə edir. Yeri gəlmişkən qeyd edək ki, cari ilin ilk 9 ayının nəticələrinə görə ən çox ziyan edən bank “Accessbank”dır. Bu bank 90 milyon manata yaxın zərər edib.
Bankların aktivlik səviyyəsini öllçməyə imkan verən kriteriyalardan biri də onların qeyri-faiz gəlirləridir. Xatırladaq ki, qeyri-faiz gəlirləri əsas etibarilə valyuta mübadiləsi, hesablarla əməliyyatlar, pul köçürmələri də daxil olmaqla, kreditdən başqa digər xidmətlərdən daxilolmalar hesabına formalaşır. Bu göstərici bankların müştərilərlə nə qədər aktiv işlədiyini və insanların onların xidmətlərində nə dərəcədə maraqlı olduğunu göstərir.
2019-cu ilin 3-cü rübünün nəticələrindən belə məlum olur ki, bu sahədə “axsayan” bir neçə bank var. Yerli banklardan bu sahədəki “liderlər” “Bank Avrasiya”, “Turanbank”, “Naxçıvanbank” və “NBC Bank”dır Xarici kapitallı banklardan isə “Pakistan Milli Bank”nın Bakı filialı,”Bank Melli İran”ın Bakı filialı və “Ziraat Bank Azərbaycan”ın göstəriciləri çox zəifdir. Belə ki, hesabat dövründə “Bank Avrasiya”nın qeyri-faiz gəlirləri 1 milyon 242 min manat,”Turanbank”ın qeyri-faiz gəlirləri 2 milyon 688 min manat, “Naxçıvanbank”ın qeyri-faiz gəlirləri 2 milyon 874 min manat, “NBC Bank”ın qeyri-faiz gəlirləri isə 3 milyon 26 min manat təşkil edib.
Sözügedən banklar təkcə qeyri-faiz gəlirləri deyil, mənfəət də daxil olmaqla, digər bir çöx göstəricilərinə görə də “axsayanlar” sırasına daxil edilə bilər. Bəs bu banklar kimlərə məxsusdur?
Mətbuatda dərc edilən məlumatlara inansaq, məsələn “Bank Avrasiya” Maliyyə Bazarlarına Nəzarət Palatasının sabiq sədri Rüfət Aslanlıya məxsusdur. Bu bankın maliyyə göstəricilərində geriləmələr, kiçilmələr məhz R.Aslanlı 2016-cı ildə vəzifəsindən azad ediləndən sonra müşahidə olunmağa başlayıb.
“Turanbank”ın isə “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının İdarə Heyətinin sədri, bank sektorunda heç də birmənalı qarşılanmayan Məmməd Musayevə məxsus olduğu bildirilir.
“Naxçıvanbank” Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbova yaxın şəxslərə aid edilir.
“NBC Bank”ın əsas səhmdarı və sahibi isə “Nurgün Motors” şirkətinin də prezidenti olan Nuru Əliyevdir./Azpolitika.info
Bu xəbər üçün şərh yazın