Mən, bura düşəndə Napoleon idim, sağaltdılar - Səni də sağaldarlar, inşallah...
Dünya akademiyalarının hamısının «qeneralnıy prezidenti», erməni harsını Eleonoranın seçib vəzifə relsinə tuşladığı Ramiz Mehdiyevin toy qalmaqalının ölkə gündəmini zəbt etdiyi bir vaxtda yayılan bir xəbər diqqətimi çəkdi.
Xəbərdə deyilir ki, Eleonoranın kadrı bu yaxınlarda «Azərtac»ın rəhbəri Aslan Aslanovu onun yazısını yayımlamaqda tərəddüd etdiyinə görə hədələyərək deyib: «Mən, Təhlükəsizlik Şurasının üzvüyəm, nə icazə, yahu?!».
Bu xəbəri oxuyarkən, L.İ.Brejnev barədə ötən dövrün bir lətifəsi yadıma düşdü. Gülmək məni tutdu. Danışım, siz də doyunca gülün…
Günlərin birində Moskvadan, Mərkəzi Komitədən Novosibirsk Vilayət Partiya Komitəsinə zəng vurub, xəbərdarlıq edirlər ki, bəs filan tarixdə Leonid İliç Novosibirskə gələcək - tanışlıq tədbirləri sırasında psixatriya xəstəxanalarında «dəlilərin» müalicəsi ilə də maraqlanacaq, dəlixanalara baş çəkəcək, hazırlıq görün…
Bəli, qızğın hazırlıq işləri başlanır - xəstələrə təzə paltarlar alınır, Brejenv barədə onlara saatlara mühazirələr oxunur, ağsaqqal gələndə onu necə qarşılamaq barədə tövsiyələr verilir və s.
Nağıl dili yüyrək olar, deyiblər. Vaxt yetişir, ağsaqqal Novosibirsk vilayət mərkəzi psixatriya xəstəxanasına gəlir. İçəri girəndə görür ki, maşallah, xəstələr şıq geyinib, kəpənək qalstuk taxıblar və düppədüz sıraya düzləniblər. Kişi xoşhal olur və onları salamlayır:
«Salam, yoldaşlar»! Dəlilər bir ağızdan «Salam, əziz Leonid İliç»! - cavab verirlər. Ağsaqqal lap xoşhal olur və soruşur:
«Yoldaşlar, kim deyər, mən kiməm?»
Dəlilər bir ağızdan: «Siz, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibisiniz»
Əhsən, düzdür. Qısa pauzadan sonra soruşur: «Yoldaşlar, mən daha kiməm?»
«Siz, SSRİ Ali Soveti Rəyasət Heyətinin sədrisiniz» - dəlilər bir ağızdan qışqırırlar.
«Əhsən, düzdür… yoldaşlar, mən daha kiməm?» - Leonid İliç soruşur.
Dəlilərdən səs çıxmır. İşi belə görən Baş katib deyir: «Yoldaşlar, mən həm də Sovet İttifaqı marşalıyam, biləsiniz…»
Dəlinin biri sıradan çıxıb, Brejnevə yaxınlaşır, əlini onun çiyninə qoyub, deyir: «Əziz Leonid İliç! Mən bura düşəndə Napoleon idim - sağaltdılar, narahat olmayın, sizi də sağaldarlar, inşallah…»
Vəssalam, göydən alma əvəzinə, pındıq düzdü - Elmar demiş, trayn, prayn, şvayn…
Mirzə AĞ
AzPolitika.info
Bu xəbər üçün şərh yazın