"Mən onun qidayla ardıcıl zəhərləndiyi düşüncəsindəyəm”

"Mən onun qidayla ardıcıl zəhərləndiyi düşüncəsindəyəm” -Sürət Hüseynovun köməkçisindən sensasiyalı iddialar

Dünən Türkiyənin İstanbul şəhərində klinikaların birində vəfat edən Azərbaycanın keçmiş Baş naziri, qiyamçı polkovnik Sürət Hüseynovun zəhərləndiyi iddia olunur.

AzPolitika.info xəbər verir ki, belə bir iddia ilə S.Hüseynovun köməkçisi Könül Rafiqqızı çıxış edib. O, BBC-yə açıqlamasında Sürət Hüseynovun “tədricən zəhərləndiyini” iddia edib. Onun sözlərinə görə, keçmiş Baş nazirin heç bir xəstəliyi olmayıb, amma bir il öncə Sürət Hüseynov Türkiyədə taqətdən düşəcəq qədər zəifləməyə başlayıb.

“BBC Azərbaycanca” İstanbulda səhhəti pisləşən Sürət Hüseynovun ilk gətirildiyi Arnavutköy Dövlət Xəstəxanasından öyrənə bilib ki, təcili yardım hadisəsi ilə bağlı "intihar, zəhərlənmə və ya zərbə şübhəsi" olduğu üçün Sürət Hüseynovun qeydiyyatı "adli durum" kimi aparılıb.

"Şəxsin sağlamlığının pisləşməsinə səbəb olan vəziyyətə görə şəxsin özünün və ya digər şəxslərin məsuliyyət daşıya biləcəyinə dair şübhələrin olduğu hallar" "adli durum" kimi qiymətləndirilir.

Bazar ertəsi yaxınları onun komaya düşdüyünü və İstanbulda xəstəxanaya aparıldığını demişdi.

BBC-nin əldə etdiyi məlumata görə, o, əvvəlcə İstanbuldakı Arnavutköy Dövlət xəstəxanasına, ordan isə Medipol Mega Üniversitetinin xəstəxanasına aparlıb.

Türkiyənin “Cümhuriyyət” qəzeti Medipol Mega Üniversitetinə istinadən bildirir ki, Surət Hüseynov dünən səhər saatlarında İstanbul hava limanında şüurunu ani itirməsi və ürəyinin dayanması səbəbi ilə xəstəxanaya gətirilib, bütün müdaxilələrə baxmayaraq həyatını itirib.

Medipol Mega Üniversitetinin yaydığı açıqlamada bildirilir ki, Sürət Hüseynov əvvəlcə Arnavutköy Dövlət xəstəxanasına aparılmış, sonra isə üçüncü səviyyədə reanimasiyası olan Medipol Mega Üniversitetinə gətirilmişdi. “İlk müayinədə onun huşsuz olduğu, təbii tənəffüsü və ürək döyüntüsü olmadığı məlum olub. Bu vəziyyətdə reanimasiya müdaxiləsi davam etdirilib və lazımi tibbi müalicələr aparılıb. Lakin bütün cəhdlərə baxmayaraq, onu geri qaytarmaq mümkün olmayıb”, - “Cümhuriyyət” qəzeti universitetin açıqlamasına istinad edib. “Cümhuriyyət” Sürət Hüseynovun nəşinin tibbi ekspertizaya göndərildiyini yazıb.

Sürət Hüseynovun köməkçisi Könül Rafiqqızı bildirib ki, bir il əvvəl Surət Hüseynov müayinə olunmaq üçün Türkiyədə bir xəstəxanaya müraciət edib, ona öd kisəsində daş olduğu deyilib, buna inanmadığı üçün o, başqa xəstəxanaya müraciət edib və əvvəlki diaqnoz burda təsdiqlənməyib.

Onun dediyinə görə, Türkiyədə müalicəni dayandırandan sonra tədricən səhhəti qaydasına düşsə də, tam sağala bilməyib: “Bizə məlum olmayan səbəbdən 1 il ərzində zəiflədi və şam kimi əridi. İstər Türkiyədə, istər Rusiyada analizlər heç bir ölumcül xəstəlik üzə çıxarmadı. Mən onun qidayla ardıcıl zəhərləndiyi düşüncəsindəyəm”, o deyib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi