“Məni aparın, ermənidən qisasımı alım” – ŞƏHİD ANASI / VİDEO
“Onun qanı yerdə qalmasın. Məni aparın, ermənidən qanımı, qisasımı alım”.
Bu, qəlbi yaralı, sinəsi dağlı bir ananın fəryadı, yağı düşməndən qisas almaq çağırışıdır. Hər bir şəhid anasının, şəhid valideyninin arzusudur bu.
Əzəl gündən bəxti gətirməmişdi Rəşadın. Uşaq yaşlarından ata nəvazişindən məhrum olan balaca anası Sevda ilə birgə dayısının himayəsinə sığınmışdı. Doğulub boya-başa çatdığı Biləsuvarın Aşağı Cürəli kəndində hər kəs bilirdi bunu.
İlk gündən həyat üzünə gülməsə də, polad kimi daha çox bərkiyirdi Rəşad. Pambıq tarlalarında qan-tər içində işləyən anası aşılamışdı ona Vətən məhəbbətini, torpaq sevgisini.
Altı il bundan öncə əyninə zabit mundiri geyinəndə anası da qürurlanmışdı, dayıları da. Baş leytenant Rəşad Mahmudovun 28 yaşı olsa da, hələ subay idi. Anası, yaxınları tələsdirirdi onu ailə qurması üçün. O isə hələ ev tikdirirdi, dörd il bundan öncə tikintisinə başladığı evi.
Bu il iyulun 12-dən 13-nə keçən gecə erməni silahlı qüvvələri tərəfindən Tovuz rayonunun Ağdam kəndində törədilən təxribatın qarşısını alan zaman gənc zabit Rəşad Mahmudov Şəhidlik zirvəsinə ucaldı. Doğulduğu torpaq öz şəhidini qoynuna aldı. Əbədilik…
Bu xəbər üçün şərh yazın