Məşhur iş adamları arasında məhkəmə çəkişməsi – Biri “Azərenerji” sədrinin qardaşıdır…
"Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayevin qardaşı Rahib Rzayevin rəhbərlik etdiyi "Göknur Bakı LTD" MMC Azərbaycanın ən böyük transformatorlar zavodunun sahibi olan Talıb Əlixanbəyovun rəhbərlik etdiyi “ATEF Şirkətlər Qrupu” MMC-ni məhkəməyə verib.
Yeniavaz.com xəbər verir ki, “Göknur Bakı LTD” iddia ərizəsində “ATEF Şirkətlər Qrupu”nun alqı-satqı müqaviləsindəki öhdəliklərə əməl etmədiyini iddia edib.
Hakim Aytən Əliyevanın icraatında olan işə Bakı Kommersiya Məhkəməsində baxılacaq.
Məlumat üçün bildirək ki, "Göknur Bakı LTD" MMC 02.09.2003-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 6 milyon 349 min manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu Ziya Bünyadov, ev 11, məhəllə 2062-də yerləşir. MMC-nin qanuni təmsilçisi Rzayev Rahib Hüseynağa oğludur. Rzayev Rahib Hüseynağa oğlu uzun illər – 2006-2018-ci illərdə “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə rəhbərlik edən Rzayev Balababa (Baba) Hüseynağa oğlunun qardaşıdır. Baba Rzayev 2018-ci ildən etibarən “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə rəhbərlik edir.
“ATEF Şirkətlər Qrupu” MMC isə 20.08.2009-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 33 milyon 892 min 585 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşir. MMC-nin qanuni təmsilçisi Əlixanbəyov Emil Talıb oğludur.
Onu da qeyd edək ki, ATEF şirkəti 1961-ci ildən fəaliyyət göstərən Bakı mayesiz transformatorlar zavodunun bazasında yaradılıb. Şirkət 1998-ci ildə özəlləşdirilib. Şirkətin Əmircan qəsəbəsində Bakı yağ transformatorları zavodu var. 2005-ci ildə Qaraçuxur qəsəbəsində şirkətə aid olan bir transformatorlar və elektrotexniki avadanlıqlar zavodu, 2011-ci ildə isə Hövsan qəsəbəsində şirkətə aid olan metal konstruksiya zavodu açılıb.
“ATEF Şirkətlər Qrupu”nun Müşahidə Şurasının sədri olan Əlixanbəyov Talıb Həsən oğlu eyni zamanda hakim Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatınında İdarə heyətinin üzvdür. Talıb Əlixanbəyovun oğlu Azər Əlixanbəyov sonuncu parlament seçkilərində 32 saylı Suraxanı üçüncü seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb.
Bu xəbər üçün şərh yazın