Mətbuat Şurası Operativ Qərargaha müraciət edəcək - ƏFLATUN AMAŞOVDAN AÇIQLAMA
21-iyun 05 iyul tarixlərini əhatə edən iki həftəlik sərtləşdirilmiş karantin günlərində Kütləvi İnformasiya Vasitələrində (KİV) çalışan jurnalistlər icazə.gov.az portalında qeydiyyatdan keçdikdən sonra hərəkət edə bilərlər.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi qaydalarda əksini tapıb. Qaydalara görə, işəgötürən şəxs media nümayəndələri barədə müvafiq məlumatları portala göndərib onların sərbəst fəaliyyətinə icazə almalıdırlar.
Hüquqşünaslar isə bu qərarın qanunvericliyə zidd olduğunu və KİV-in fəaliyyətini məhdudlaşdırdığını bildiriblər.
Hüquqşünas, media hüququ üzrə ekspert Ələsgər Məmmədli “AzPolitika.info”-ya bilidirib ki,Fövqəladə vəziyyət elan edilməyibsə, karantin zamanı jurnalistlərin fəaliyyətini tənzimləmə hüququnu nə Konstitusiya, nə də digər qanunlar Nazirlər Kabinetinə verməyib.
“Jurnalistin öz peşə fəaliyyətini icazə ilə həyata keçirməsi yalnız Konstitusiyanın 112-ci maddəsində tətbiq edilən fövqəladə vəziyyət rejimi zamanı nəzərdə tutulub. Jurnalistlərə tövsiyəm, nə zaman onları saxlasalar yerində akt tərtib edib, məhkəməyə getsinlər. Onların fəaliyyətinə mane olanlar hüquqi məsuliyyət daşıyacaq”-deyə ekspert vurğulayıb.
Xatırladaq ki. “KİV haqqında” Qanunun 7 və 8-ci maddələrinin tələblərinə görə, ölkədə fövqəladə vəziyyət rejiminin elan olunması istisna olmaqla medianın fəaliyyəti məhdudlaşdırıla bilməz.
Bəs Operativ Qərargahın qanuna zidd qərarı ilə bağlı media qurumları hansı addımı atmaq niyyətindədirlər?
Mətbuat Şurasının sədri Əflatun Amaşov “AzPolitika.info”-nun sorğusuna cavab olaraq bildirib ki, bu barədə Operativ Qərargaha müraciət ediləcək. Müraciətdə sərtləşdirilmiş karantin günlərində jurnalistlərin fəaliyyətini məhdudlaşdıran qərarlara yenidən baxılması xahiş olunacaq.
Bu xəbər üçün şərh yazın