Məvacibi 600 AVRO olan, evini kreditlə alan prezident…- Fermer ailəsindən çıxıb, prezidentliyə yüksələn Moldova lideri
“New.ru”, (Rusiya)
Avqustun 26-da – Moldovanın müstəqillik günü Kişinyov polisi hökumətin istefasını tələb edən müxaliflərin aksiyasını dağıtdı. Baxmayaraq ki, ölkə prezidenti İqor Dodon Nazirlər Kabineti ilə kəskin qarşıdurmadadır, bununla belə, o, küçə aksiyalarını rəzalət adlandırdı. Dövlətdə yüksək vəzifə tutan şəxslərin bu qəbildən olan addım və bəyanatlarını anlamaq üçün təkcə siyasi gündəmi izləmək yox, həm də liderlərin şəxsi keyfiyyətlərini bilmək lazımdır…
İqor Dodon 1975-ci ildə Moldovanın Kalaraşaskiy rayonunun Sadova kəndində dünyaya gəlib. Valideynləri sadə, zəhmətkeş insanlar olub. Atası əkin işləri ilə məşğul olan fermer olub, anası məktəbdə müəllimə işləyib.
Sinif yoldaşları və müəllimlərinin dediyinə görə, Dodon məktəbdə digər uşaqlardan güclü xarakteri ilə seçilirdi. Nadir istisnalarla, qiymətləri “5” olurdu.
Dodon əvvəlcə Dövlət Aqrar Universitetində iqtisadiyyat üzrə təhsil alır. Az sonra Moldova akademiyasında iqtisadi biliklər üzrə dinləyici olur. Ardından da Beynəlxalq Menecment Məktəbini başa vurur. 27 yaşında iqtisadiyyat üzrə doktorluq dissertasiyası müdafiə edir. Elə o vaxtdan da elmlə məşğul olur.
Moldova prezidentinin rəsmi saytında qeyd olunub ki, 2006-cı ildən bu yana İqor Dodon İqtisadiyyat, Maliyyə və Statistika İnstitutunun baş aparıcı elmi işçisidir.
Dodon prezident seçiləndən sonra da institutdakı işindən uzaqlaşmayıb və hazırda iki işi birlikdə yürüdür.
Peşəkar biliklər və onları daha dərindən mənimsəmək istəyi Dodonun karyerada sürətlə irəliləməsini təmin edib. Əmək fəaliyyətinə Fond Birjasında başlayıb və departamentdə mütəxəssis kimi fəaliyyət göstərib.
Beş il sonra Qiymətli Kağızlar üzrə qurumda Direktorlar Şurasının üzvü seçilib. Paralel olaraq Əmtəə Birjası üzrə komitəyə prezident təyin olunub.
Bacarıqlı və zəhmətkeş kadr tezliklə hakimiyyətin yuxarı eşalonlarının da diqqətini çəkib. Dodon 30 yaşında İqtisadiyyat və ticarət nazirinin müavini olub. Bu vəzifədə il yarım qalandan sonra nazir vəzifəsinə yüksəlib.
Eyni zamanda Dodonu MDB İqtisadi Şurasına üzv seçirlər. Həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankının Moldova üzrə sədri təyin olunur.
2008-2009-cu illərdə İqor Dodon Moldovanın vitse-prezidenti təyin edilir. Və iqtisadi məsələlərə məsul olur. Cəmi bir il ərzində o, ölkə iqtisadiyyatında 8, maaşlarda isə 20 faizlik artıma nail olur.
Prezident Vladimir Voroninin gedişindən sonra Dodon əvvəlcə kommunistlərin təmsilçisi kimi, parlamentə seçilir, daha sonra özünün Sosialist Partiyasını qurur.
2016-cı ilin payızında ümumxalq seçkilərində səslərin əksəriyyətini qazanaraq (son 20 ildə ilk dəfə) prezident kürsüsünə qalxır.
Gələcək həyat yoldaşı Qalina ilə 1995-ci ildə tələbə yoldaşının toyunda tanış olub. Həmin vaxt Dodonun 20, Qalinanın isə 18 yaşı vardı. Cütlük 4 il sonra ailə həyatı qurur və o vaxtdan bəri hər yerdə birgə görünür. Bütün ictimai tədbirlərə qoşa gedir, tez-tez kilsəni ziyarət edirlər.
Birinci ledi kimi ilk müsahibəsində Qalina Dodon deyib ki, heç vaxt üzdə olmaq istəməyib. Amma indi hər yerdə yoldaşını müşayiət etməlidir və bu səbəbdən böyük məsuliyyət hiss edir.
Qalinanın fikrincə, liderin xanımı kimi əsas vəzifəsi rahat ev ab-havası yaratmaqdır. Dediyinə görə, İqor Dodon bütün boş zamanını ailəsinə həsr edir. Və bu səbəbdən prezidentin ailəsində heç vaxt siyasətdən danışılmır: “Ailəsinə çox dəyər verir. Bazar günləri kəndə – ya onun, ya da mənim valideynlərimin evinə gedirik”.
Mehriban ailədə 3 oğlan böyüyür – Boqdan, Vlad və Nikolay. Prezident oğlanları ilə tez-tez şəkillər çəkdirərək sosial şəbəkədə paylaşır.
Mətbuatın yazdığına görə, prezident ailəsi olduqca sadə üçmərtəbəli evdə yaşayır. Bu evi İqor Dodon bir neçə il əvvəl İtaliyaya yaşamağa gedən bir tanışından alıb. Həmin vaxt evin pulunu birdəfəyə ödəyə bilmədiyi üçün bankdan kredit götürüb və bu günə qədər həmin kreditin ödənişini edir.
Prezidentin rəsmi maaşı 600 avroya yaxındır. Qalina Dodon bildirir ki, ona görə də, uşaq böyüdən kasıb vətəndaşlarını çox yaxşı başa düşür. Məhz bu səbəbdən xanım Dodonun rəhbərlik etdiyi fond aztəminatlı ailələr üçün xeyriyyə aksiyaları təşkil edir. Ötən il sentyabrın 1-də birinci sinifə gedən 1800 şagirdə fond tərəfindən məktəb ləvazimatları hədiyyə olunmuşdu.
Prezident ailəsi məzuniyyətini İtaliya və Kiprin dağ-kurort zonalarında keçirməyə üstünlük verir. 2017-ci ilin yayında Moldova KİV-lərində qalmaqallı məqalələr dərc olunmağa başlamış və prezident ailəsi Türkiyənin Antalya şəhərində istirahətə böyük pullar xərcləməkdə ittiham olunmuşdu.
Jurnalistlər hesablamışdılar ki, ailə Aralıq dənizi sahillərində bir həftəlik istirahətə 4 min avro xərcləyib…
Dodon balıq tutmağı çox sevir və tez-tez ailəsi ilə birgə balıq ovuna yollanır. Onun başqa bir hobbisi də şahmatdır. Ölkə rəhbərliyinə gəlməmişdən 5 il əvvəl Moldova qrossmeysterləri onu Şahmat Federasiyasının prezidenti seçmişdilər.
Tərcümə Strateq.az-ındır
Bu xəbər üçün şərh yazın