Mikayıl Cabbarov bəyan etdi:"Qiymət artımını saxlamaq üçün hökumətin əlində o qədər də alət yoxdur"
"Bizi iqtisadi, əhalinin sosial rifahı nöqteyi nəzərdən narahat edən problemlərimiz də var. İnflyasiya prosesləri ilk növbədə əhalinin gəlirinin dəyərini azaldır.
Azərbaycan qlobal iqtisadiyyata inteqrasiya etmiş ölkədir. Yəni bu o deməkdir ki, qlobal iqtisadiyyatda inflyasiya prosesləri gedərkən, təbii olaraq bu, Azərbaycanda da öz əksini tapır. 2021-ci ildə ən sürətlə inflyasiya gedən sektorlarla baxdıqda bu, qida sahəsidir, müxtəlif tikinti materiallarıdır, xammaldır və s".
Bu fikirləri iqtisadiyyat naziri Mikayıl Cabbarov AzTv-də yayımlanan "Hədəf" verilişində qonağı olarkən deyib.
Qiymət artımları ilə bağlı danışan nazir qeyd edib ki, Azərbaycanda istehsalı az olan və ya ümumiyyətlə istehsal olunmayan, idxaldan asılı olduğumuz məhsullar üzrə qiymət artımları müşahidə olunur. Bu qiymət artımları isə birbaşa daxili bazara ötürülür:
"Burada hökumətin əlində o qədər də alət yoxdur. Biz çalışırıq ki, sosial müdafiə nöqteyi nəzərdən həssas təbəqələrə xüsusi yanaşma tətbiq olunsun. Dünya bazarlarında son iki ildə taxılın qiymətində 45-50 faizə yaxın artım baş verib. Biz kifayət qədər böyük həcmdə taxılı idxal edirik.
Qiymət artımının qarşısını almaq üçün dövlət tərəfindən subsidiya verilir. Biz o subsidiyanı verdikdə, hansısa başqa istiqamətdə - istər əmək haqqına, təhsilə və səhiyyəyə vəsait ayrıa bilmirik.
Qiymətlərin süni şəkildə artırılmasının qarşısını almaq istiqamətində də fəaliyyət gücləndirilib. 2022-ci ildə bu, bizim prioritetimiz olacaq".
Bu xəbər üçün şərh yazın