Milli Kitabxanada “27 Sentyabr – Anım Günü”nə həsr edilən tədbir keçirilib - FOTOLAR
Sentyabrın 27-də Azərbaycan Milli Kitabxanasında “27 Sentyabr – Anım Günü” ilə bağlı tədbir keçirildi.
Faktinfo.az xəbər verir ki,tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açdı.İlk olaraq Azərbaycan torpaqlarının azad edilməsi uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Prof. Kərim Tahirov 3 il öncə, 2020-ci ilin 27 sentyabrında Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlayan və 44 gün davam edən Vətən müharibəsində igid, cəsur, qəhrəman oğullarımızın ayağa qalxaraq, canı, qanı bahasına torpaqlarımız uğrunda gedən haqq mübarizəsindən danışdı.
Natiq öz çıxışında bir neçə gün öncə Azərbaycan Ordusunun həyata keçirdiyi lokal anti-terror əməliyyatından və əldə edilən möhtəşəm qələbədən söz açdı. O, Azərbaycan xalqının 2020-ci il sentyabrın 27-də öz haqq işi uğrunda silaha sarıldığını, qəhrəman Azərbaycan oğullarının 30 il işğal altında qalan torpaqlarımızı azad etdiyini tədbir iştirakçılarının nəzərinə çatdırdı. Direktor artıq torpaqlarımızın mənfur düşməndən təmizləndiyini, Azərbaycanın öz əzəli torpaqlarının əsl sahibi olduğunu qeyd etdi.O, Azərbaycan əsgərinin düşməndən fərqli olaraq, dinc əhaliyə qarşı humanist davrandığını, tezliklə hadisələrin bitəcəyini, xalqımızın sülh şəraitində yenidən oradakı həyatı bərpa edəcəyini söylədi.
Direktor həmçinin, yaxın günlərdə baş tutan İƏT üzvü olan Ölkələrin Milli Kitabxanaları Direktorlar Şurasının 6-cı iclasında 4 milyon 600 min kitab və əlyazmanın saxlandığı 927 kitabxananın Ermənistanın hərbi təcavüzü nəticəsində işğal altındakı ərazilərdə qaldığını, yandırılaraq məhv edildiyini söylədiyini, İƏT üzvü olan ölkələrin milli kitabxanaları adından UNESCO-ya birgə müraciət göndərilməsini təklif etdiyini və təklifin dəstəklənərək qəbul olunduğunu diqqətə çatdırdı.
Direktor çıxışı zamanı, 44 günlük Haqq savaşımızda çoxsaylı Şəhidlər verildiyini, bu günümüzə görə onlara borclu olduğumuzu, yüz illər keçsə də, Azərbaycan xalqının heç vaxt öz Şəhidlərini unutmayacağını, onların xatirələrinin ehtiramla yad ediləcəyini, onlar haqqında yazılan kitabları təbliğ etməyin Milli Kitabxananın vəzifəsi olduğunu söylədi. Çıxışının sonunda direktor bildirdi ki, bu gün Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan bütün dünyada qalib dövlət, xalqımız isə məğrur xalq kimi tanınır.
Sonda iştirakçılar “27 Sentyabr – Azərbaycan Respublikasında Anım Günü” adlı ənənəvi kitab sərgisi ilə tanış oldular.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın