Milli Məclisdə əlillərlə bağlı mübahisə - “13 ildir nəyi araşdırırsız?”
“Məhz sizin günahınız ucbatından əlillərlə bağlı qanun qəbul olunanda müharibə əlili sözü yazıldı. 20 Yanvar, Qarabağ, Çernobl sözünü yazdınız. Bu, məhz sizin günahınızdır”.
Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında çıxış edən “20 Yanvar” Cəmiyyətinin sədri, II qrup 20 yanvar əlili Sultan Əzimzadə deputatlara üz tutaraq deyib. O bildirib ki, Azərbaycanın müstəqilliyi 20 yanvardan başlayır.
“Buna ilk qiyməti ulu öndər Heydər Əliyev verib. Siz də yadınızdan çıxarmayın ki, bütün güzəştlər də 20 yanvardan başlamalıdır. Amma bu gün 20 yanvar əlilinin sənədində əmək zədəsi yazılır. Bu 20 yanvar tarixinə təhqirdir. Bu məhz sizin günahınızdır. 2005-ci ildə 1 dəfə məktublarıma cavab vermisiz ki, bu məsələ araşdırılır. 13 ildir nəyi araşdırırsız?”.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib ki, ambisiyalarla bu məsələni gündəmə gətirmək olmaz.
“Bu məsələ diqqətdə saxlanılacaq. “Qarabağ əlillərinə və şəhid ailələrinə bərabər tutulanlar” ifadəsi var. Əfqanıstanda döyüşlərin əksəriyyəti ev alıb. Ola bilər, bəziləri ev almayıb, onlar da III qrup əlillərdir. Bunlar da fərdi qaydada araşdırılar”.
Bu xəbər üçün şərh yazın